Əmək pensiyasına hansı yaşda çıxılır? - VƏKİL MÜNASİBƏT BİLDİRDİ

"Müvafiq yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.

Vəkil bildirib ki, müvafiq yaş həddi dedikdə, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların əmək pensiyasına çıxması şərti müəyyən edilib: "Ancaq maddənin qeyd hissəsinə görə, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, hazırda kişilər üçün yaş həddi 65 yaş, qadınlar üçün isə 2024-cü ilin iyunun 30-dək 63 il 6 aydır.

Bəs kimlərin güzəştli şərtlərlə əmək pensiyası hüququ var?

Müəyyən kateqoriya şəxslər var ki, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır;

- Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların;

- Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların;

- Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin belə hüquqları var.

Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınlar 5 il tez pensiya almaq hüququna malikdirlər".

"Bundan başqa, ipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Prokurorluq orqanlarında qulluq etmiş şəxslərin, hərbi qulluqçuların, ədliyyə orqanlarında, miqrasiya orqanlarında , fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyasının, pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmışdır. Əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilmədiyi hallarda tələb olunan müvafiq sənədləri topladıqdan sonra “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir" -deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə