Yol kənarlarına avtobus zolaqları çəkilib. Amma yenə də tıxacların qarşısı alınmır. İnsanlar isə saatlarla tıxacda qalmaqdan narazılıq edirlər. Eləcə də dünyanın heç bir yerində yol kənarlarında avtomobillər üçün dayanacaqlar salınmır. Azərbaycanda isə görünür sıxlıq yaradan səbəblərdən biri də budur. Son vaxtlar yolların kənarına velosiped zolaqları da çəkilir, yollar genişliyini itirir. SİA olaraq "Tıxacları özümümüz yaradırıq, yoxsa, bunlar tıxac problemi üçün həll yoludur?" mövzusunda sorğu keçirdik.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli: "Avtobus zolaqları ictimai nəqliyyatın sərbəst, rəvan hərəkətinin təşkil olunması, insanların şəxsi nəqliyyat vasitələrinə deyil, daha çox ictimai nəqliyyata üstünlük vermələri üçün, yollarda hərəkət yükünün azaldılması məqsədilə çəkilir. Bu məsələdə Dövlət Yol Polisi qanunun tələblərinə uyğun olaraq həmin zolağa daxil olan şəxslərin inzibati tənbehini aparmaq səlahiyyətindədir. Bu da İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-cı bəndinə uyğun olaraq 40 manat məbləğində cəriməsi olan qayda pozuntusudur. Bu qayda pozuntusu həm xüsusi texniki vasitələrlə aşkarlana bilir, həm də Yol Patrul Xidmətinin əməkdaşları bu qayda pozuntusunu aşkarlaya bilirlər.
Velosiped zolaqları da avtobus zolaqları kimi eyni məqsədlərlə bu növ nəqliyyat vasitələrinin inkişafını stimullaşdırmaq üçün çəkilir. Vətəndaşlarımıza mövcud qanunvericiliyin tələblərini pozmamağı, hər hansı dayanacağın, avtobus zolağının, qanunvericilikdə nəzərdə tutulmuş velosiped zolaqlarının zəbt olunmasının inzibati məsuliyyət yaratdığını bir daha onların diqqətinə çatdırırıq".

Nəqliyyat eksperti Aslan Əsədov: "Avtobus zolaqlarının çəkilməsi müəyyən perspektivləri açdı. Çünki avtobus zolaqlarının çəkilməsi ilə şəhərdə hərəkət edən avtobusların intervalları azaldı. Avtobus ilə sərnişin daşımada başlıca problemlərdən biri də sərnişin inamsızlığı idi. Çünki tıxacda qalan vətəndaşlar, avtobuslar, intervalların artması müəyyən narahatlıqlar yaradırdı. Bununla bağlı atılan addımlar səmərə verməyə başladı.
Velosiped zolaqlarının çəkilməsi o demək deyil ki, velosiped zolaqları istifadədə olan yollarda çəkilməlidir. Əlbəttə, xarici praktikadan öyrənmək yaxşı haldır. Müəyyən məsələlər müzakirə olunmalıdır. Çəkilən zolaqların en, uzunluq parametrləri, onların müəyyən məsafələrdə hərəkət etməsi üçün bəzi elementlər özünü göstərməlidir. Həndəsi və uzunluq ölçüləri, zolaqlara təsiri baş verən proseslərə təsirsiz ötüşmür. Tıxacın olma səbəblərinə az təsir etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB