"Bu Allahın buyurduğu Həcc deyil" - EKSPERT RƏYLƏRİ

"Bu Allahın buyurduğu Həcc deyil" - EKSPERT RƏYLƏRİ

2024-cü ildə Həcc ziyarəti üçün bir nəfərlik paketin qiyməti 5850 dollar olaraq müəyyənləşdirilib ki, bu da 10 min manat deməkdir. Bu da Azərbaycana qonşu olan dövlətlərlə müqayisədə dəfələrlə çox olduğu üçün vətəndaşlar arasında narazılıq yaradıb. Türkiyədə bir nəfərlik paketin qiyməti təxminən 678 dollar olaraq müəyyənləşdirilib. Sosial şəbəkələrdə də belə müqayisə gedir ki, 10 min manat buna xərcləməkdənsə, kasıb insanlara əl tutmaq, imkansız tələbənin illik haqqını ödəmək daha imandan sayılır, Azərbaycanda daha böyük savab işlər görmək olar. SİA mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov və ilahiyyatçı Elşad Mirinin fikrini öyrənib.

A.Badamovun sözlərinə görə, Həcc ziyarəti ilə bağlı bir nəfərlik paketin qiyməti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyənləşdirilir: “Bu məbləği hansı meyarlar üzrə hesablandığını deyə bilmərəm. Ola bilsin ki, dünyada mal və xidmətlərin qiymətlərinin artması Həcc ziyarətin xərclərini də artırsın. Amma qiymətdə süni artım olunubsa, bunu düzgün hesab etmirəm”.

Millət vəkili bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: “Həcc ziyarətinə getmək hər bir müsəlmanın arzusudur. Lakin bu o demək deyil ki, hamı mütləq şəkildə Həcc ziyarətinə getməlidir. Həm də Həccə imkanı olanlar gedirlər. İmkanı olmayanın borc-xərc edib Həcc ziyarətini etməsini də düzgün hesab etmirəm”.

E.Miri bildirib ki, bugünkü Həcc Allahın buyurduğu Həcc deyil: “Azərbaycanın nefti var, imkanı var ona görə də 10.000 ödəyib gedirik. Ora gedən insanlar bilirlər ki, kasıb getmir, hamısı imkanlı şəxslərdir. Ona görə də onların 10 min manatını almağı özlərinə halal bilirlər. Xərc təkcə bununla bitmir. Oraya gedəndə qurban kəsilir, digər qidalanma məsələləri var. Orada qaldığınız 20 gündən çox müddəti nəzərə alsaq görün neçə min edir”?!

O qeyd edib ki, İslamın Həcclə bağlı anlayışı bugünkü anlayışdan fərqlidir: “İslamda bildirilən Həcc anlayışı bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan, o dövlətlərin, orada yaşayan insanların yaxud immiqrant olanların məsələlərinin müzakirə edilməsi üçün beynəlxalq konfrans yeridir. Amma biz bunu sadəcə Kəbənin ətrafında fırlanmaqdan, Səfa-Mərvə arsında gedib gəlməkdən ibarət olan bir hala gətirmişik. Bunun yanlış olduğunu düşünürəm. Bu gün kim getmək istəyirsə özü bilər, pul onun, can onun”.

İlahiyyatçının sözlərinə görə, bəzi iddialar var ki, insanlar Bodruma, Havay adalarına, Maldivlərə gedir onlara səs çıxarılmır, niyə Həcc ərəfəsində edilir: “Bir şeyi unutmayaq ki, Maldivlərə gedən Allahın əmri olaraq din adı altında getmir. Amma Həcc anlayışını elə ediblər ki, konkret Allahın əmri olduğu üçün gedirlər. Bu indiyə qədər insanların demədiyi ifadədir. Bugünkü Həcc Allahın istədiyi Həcc deyil. İnsanların uydurduğu Həcc anlayışıdır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə