Büdcəyə nəzarət etməməyin fəsadları NƏDİR? - FAKTLAR AÇIQLANDI

Büdcəyə nəzarət etməməyin fəsadları NƏDİR? - FAKTLAR AÇIQLANDI

"Büdcənin xərclənməsi, necə paylaşdırılması əslində çox əhəmiyyətli məsələdir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Sosioloqun sözlərinə görə, hər ailə kiçik dövlətdir: "Onun da maliyyəsi, gəlirləri, xərcləri var. Hesab edirəm ki, ailə büdcəsinin planlaşdırılması da son dərəcə məntiqli və proqnozlaşdırılan olmalıdır. Bəzən insanlar imkanlarından kənar xərclər həyata keçirirlər. Bu da ailənin borclanmasına, büdcə kəsirinə gətirib çıxarır. Böhran insanların ailə daxilində psixoloji ovqatına təsir göstərir. Çox insan var ki, borcların girovuna çevrilib. Çünki düzgün xərc, maliyyə planı tutmayıblar. Nəticədə onların gəlirləri ilə xərclərinin arasında çox böyük həndəsi fərq ortaya çıxır. Borclar insanların psixologiyasına, əhvalına təsir göstərir. Bəzən borclar insanlarda hüquqazidd davranışa gətirib çıxarır. Həmin insanlar qeyri-qanuni yollarla vəziyyətdən çıxış yolu axtarırlar. Bunun həm də sosial fəsadları var. Ailə gəlirlərini düzgün qiymətləndirmədən və xərcləri gəlirlərə uyğunlaşdırmadan addımlar atanda ailədə də maliyyə problemləri ortaya çıxır. Bu, təkcə ailədə yox, hər bir insan üçün belədir. Hər insan öz imkanlarına uyğun xərclər müəyyənləşdirməlidir. Bəzən insanların gəlirləri az, ancaq xərclədikləri çox olur. Bu qəbildən olan insanlar qonşudan geri qalmamaq üçün bahalı maşın kreditə götürür, şəhərin ən bahalı yerindən mənzil kirayə edir, imkanlarına uyğun olmayan tərzdə xərclər məsrəf edirlər. Beləliklə, öz həyatlarını çətinləşdirirlər. Bəlli müddətdən sonra böhranla rastlaşırlar. Bu böhranların da müxtəlif fəsadları var. Gəlirlərindən çox xərclər edən insanlar böyük bank borclanmalarına məruz qalırlar. Ona görə hər insan çalışmalıdır ki, imkanlarına uyğun xərclər həyata keçirsin. Belə olarsa, həm ailədə, həm də insanların həyatında böhranlar olmaz".

"Avropa, Asiya ölkələrində bəzi dövlətlər yanlış xərclərə görə maliyyə böhranları yaşayır. Ailələr də belədir. Borclar yarandıqda insanlar hüquqazidd hərəkətlər edirlər və hüquqi məsuliyyətə cəlb olunurlar. Bəzən də iş adamları, sahibkarlar dəbdəbəli toy keçirirlər. Digər insanlar da borc, bankdan kredit götürmək hesabına toy edir. Mərasimdən sonra kreditləri verə bilmir, nəticədə maliyyə böhranı ilə rastlaşır. Ona görə insanlar həm ailə, həm də şəxsi büdcələrini müəyyənləşdirərkən imkanlarına uyğun xərclər həyata keçirməlidirlər. Əks təqdirdə sosial-psixoloji, iqtisadi baxımdan böyük fəsadlar yaranır. İnsanlar bunun fərqində olmalıdırlar. Böhranlar ailə münaqişələrinə, insanın psixoloji halının çətinləşməsinə, depressiyaya düşməsinə səbəb olur. Bəzən insan belə vəziyyətdən çıxa bilmədiyi üçün intihara əl atır. Bu da onlar üçün pis sonluğa gətirib çıxarır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə