"Müasir dünyamızda qadınlar işsizlik, məişət zorakılığına, gender-əsaslı ayrı-seçkiliyə məruz qalırlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bununla yanaşı bir sıra sosial, iqtisadi, mədəni və siyasi çağırışlarla qarşılaşa bilirlər: "Ümumiyyətlə, gender bərabərliyi nə deməkdir? Bu qanunun məqsədi nədir və necə tətbiq olunur?
Gender bərabərliyi cinsindən asılı olmayaraq, iqtisadi fəaliyyətlərdə və qərarların qəbulunda iştirak da daxil olmaqla, resurslara və imkanlara bərabər çıxış vəziyyəti və cinsindən asılı olmayaraq müxtəlif davranışları, istəkləri və ehtiyacları bərabər qiymətləndirmə vəziyyətidir. Xüsusilə, qeyd etmək lazımdır ki, gender bərabərliyi insan hüquqlarının və BMT dəyərlərinin əsasını təşkil edir. Gender ayrı-seçkiliyi faktiki olaraq bütün insan hüquqları müqavilələri ilə qadağandır. Dünyada qadın hüquqları sahəsində əhəmiyyətli irəliləyişlərə baxmayaraq, milyonlarla qadın zorakılığa və ayrı-seçkiliyə məruz qalır. Bu, kədərli statistikadır və ayrı-seçkiliyin heç də yaxşı nümunə olmadığı bəllidir. Məhz bu baxımdan qadınla kişi arasında bərabərlik olmalıdır.
Azərbaycanda qadın hüquqları yüksək səviyyədə tanınır və gender bərabərliyi tam təmin olunur. Ölkəmizdə qadınların ən yüksək vəzifələrdə, idarəçilikdə təmsil olunması göz önündədir. Qadınlarımız dövlət orqanlarında olduğu kimi QHT sektorunda da geniş şəkildə təmsil olunmaqla cəmiyyətimizin fəal üzvünə çevriliblər".
Onun sözlərinə görə, Azərbaycanda zərif cinsin nümayəndələrinin gender hüquqları qanunvericiliyə uyğun şəkildə müdafiə edilir: "Bununla bağlı müddəalar 10 oktyabr 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda ətraflı qeyd olunmuşdur. Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Belə bir qanunun qəbul edilməsi nəticəsində bu gün istər özəl sektorda, istərsə də dövlət qurumlarında gender bərabərliyinin təmin edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Bir sözlə, gender bərabərliyi demokratik və sivil cəmiyyətin əlamətidir. Azərbaycan dövlət qulluğunda qadın və kişilərin bərabər təmsilçiliyinin təmin edilməsinə, qadın dövlət qulluqçularının sayının artırılmasına xüsusi diqqət yetirir. Qadınların idarəetmə prosesində fəal iştirakı Azərbaycanda dövlət idarəetmə sistemində aparılan genişmiqyaslı islahatların tərkib hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB