"Sevginin günü yoxdur" - SORĞU

Fevralın əvvəlindən başlayaraq hədiyyə mağazalarında olan canlanma 14 fevrala kimi davam edir. Daha çox gənclərin həvəslə hazırlaşdığı 14 fevral "Sevgililər günü" bütün dünyada qeyd olunur. Azərbaycanda isə 30 iyun İlham və Fərizənin toy günü kimi qeyri-rəsmi olaraq "Sevgililər günü" olaraq bəzi insanlar tərəfindən keçirilir. Bu tarix azərbaycanlılar üçün əsl sevgi, sədaqət bayramıdır. Bəs "Sevgililər günü" hansı tarixdə keçirilməlidir? SİA olaraq şəhər sakinləri arasında "Sevgililər günü" 14 fevral, yoxsa 30 iyun tarixində qeyd olunmalıdır? Ümumiyyətlə, "Sevgililər günü" qeyd olunmalıdırmı?" mövzusunda sorğu keçirdik.

Şəhər sakini Könül Ədilova: "Sevginin tarixi olmur. Hər gün sevgi üçün özəl gündür. 14 fevral "Sevgililər günü"nü o qədər də önəmli hesab etmirəm. Mənim fikrimcə, sevginin günü yoxdur. Sevən üçün hər gün özəl və xoşbəxt keçməlidir".

Şəhər sakini Nailə Əhmədzadə: "Mən "Sevgililər günü"nü əzəldən 14 fevral tarixində bilmişəm. Əslində, mənim üçün tarixin fərqi yoxdur. 30 iyun da olar. Sevginin də günü yoxdur. Sevgi həmişə var, sevən üçün sevginin günü olmur. Yoldaşımla hələ də bir-birimizi sevirik. Əgər sevgilim, həyat yoldaşım yanımdadırsa, mənim üçün hər gün özəldir".

Şəhər sakini Tahirə Bəymirzəyeva: "Məncə, "Sevgililər günü" yox, sevgi günü olmalıdır və bu, hər gün qeyd edilməlidir. Çünki sevgi insanı yaşadır. Bu, təkcə sevgiliyə olan sevgi deyil, dosta, bacıya, anaya olan sevgidir. Sevgi hər gün olmalıdır. Çünki sevgi olmazsa, günəş də olmaz".

Şəhər sakini Nərgiz Abbasova: "Məncə, sevginin günü yoxdur. Sevdiklərimizə hər gün sevgimizi göstərməliyik. Bu, kifayət edər".

Şəhər sakini Ayşən Paşazadə: "Mənim fikrimcə, sevginin günü olmamalıdır. Sevgisini göstərə bilən insan üçün hər gün sevgi günüdür. Məncə, "Sevgililər günü" deyilən gün mənasızdır. Əgər sevməyi bacaran biri varsa, onda sevginin günü hər gündür".

Şəhər sakini Validə Behbudova: "Sevgililər günü"nü keçirmək düzgün deyil. Əgər insan sevməyi bacarırsa, ilin bir günü yox, həmişə göstərə bilər. Məncə, sevgini göstərmək üçün xüsusi günə ehtiyac yoxdur".

Şəhər sakini Fidan Babayeva: "İndiyə kimi sevgilim olmayıb. İstəyərdim ki, "Təklər günü" olsun. Biz də bayram edə bilək. Əslində, sevginin günü yoxdur. Əgər insanlar sevgilərini göstərmək istəyirlərsə, adi gündə göstərə bilmirlərsə, "Sevgililər günü"nü qeyd etsinlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə