"Yalnız bu halda həmin əmlaklar qeydiyyata alına bilər!" - EKSPERT AÇIQLADI

"Yalnız bu halda həmin əmlaklar qeydiyyata alına bilər!" - EKSPERT AÇIQLADI

“Azərbaycanda özbaşına tikilən yaşayış sahələri həddindən çoxdur. Hazırda onların notariat əməliyyatlarına cəlb edilməsi mümkün deyil. Eləcə də alqı-satqısı, bağışlanması, girov qoyulması, vərəsəlik kimi verilməsi və digər digər hüquqlarından istifadəsinə icazə verilmir. Belə olan təqdirdə isə vətəndaşlar öz əmlaklarını sənədləşdirməkdə maraqlı olmalıdırlar. Bu istiqamətdə hökumət, ayrı-ayrı dövlət qurumları problemin həlli ilə bağlı müxtəlif təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edib”. Bu sözləri SİA-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, bu əmlakların qeydiyyat məsələsinin hazırda müzakirəsi davam etsə də, optimal həlli yolları tapılmır: “Çünki bu cür evlərin böyük əksəriyyətinin ilkin qeydiyyat üçün əsas verən sənədləri yoxdur. Məsələn, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən tələblər irəli sürülüb. İcazəsiz tikilən evlər də həmin tələblərə cavab vermədiyi üçün onlarla bağlı qeydiyyat orqanlarına edilən müraciətlərdən imtina olunub”.

Ekspert hesab edir ki, problemin tam və köklü şəkildə həlli üçün həmin tikililərin tamamilə sənədləşdirilməsinə ciddi ehtiyac var: “Bu da bəzi normativ hüquqi aktlara dəyişikliklərin edilməsi yolu ilə mümkün olmayacaq. Bunun üçün də icazəsiz yaşayış sahələrinin istismarına icazənin verilməsi ilə bağlı müvafiq sənəd və aktlar imzalanmalıdır. Yalnız bu halda həmin əmlaklar qeydiyyata alına bilər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə