"Sevincliyəm ki, biz demokratik ölkədə yaşayırıq"

"Sevincliyəm ki, biz demokratik ölkədə yaşayırıq"

Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi, 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb. Seçkiləri 90372 müşahidəçi izləyir. Bunlardan 790-nı 72 beynəlxalq təşkilatı təmsil edən beynəlxalq müşahidəçidir. 50 mindən çox müşahidəçi, məhz 14 siyasi partiyanın mənsubudur.

SİA olaraq seçki məntələrindəki vəziyyətlə bağlı sədrlər, müşahidəçilər və seçicilər arasında sorğu keçirdik.

21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 10 saylı məntəqəsi.

Məntəqə sədri Hacıyeva Jalə: “Məntəqəmiz səhər saatı 08:00-da açıldı. Çox gözəl aktivliklə, sevinclə, maraqla seçkidə iştirak edirlər. Hər şey şəffaf, qanun çərçivəsində həyata keçirilir. Saat 10-a yaxınlaşır və haradasa 200 seçici iştirak edib".

Müşahidəçi İlqar Bayramov: "Hazırda 10 saylı məntəqədə fəallıq gördüyünüz kimidir. Fəallığımız çox yüksək səviyyədə davam edir və seçicilərimiz sevinclə öz prezidentini seçməyə gəliblər. Belə qeyd edim ki, hal-hazırda heç bir hadisə yaşanmayıb, problem yoxdur, hər şey öz qaydasındadır. Seçicilər növbəlik prinsipinə uyğun olaraq səslərini verib gedirlər".

Şəhər sakini İmanova Tutuxanım: "35 yaşındayam və daha öncə də prezident seçkilərində olmuşam. Biz bura sinif olaraq gəlmişik uşağım da burada oxuyur. Düşünürəm ki, seçki həmişəki kimi ədalətli keçiriləcək, onsuz da həmişə belə olub. Əlbəttə ki, dövlət qulluqçusu olaraq öz istəyimlə səs verməyə gəlmişəm".

Şəhər sakini Kərimova Sevda: "Mən 71 yaşındayam və həmişə seçkilərdə iştirak etmişəm. Bura yoldaşım və nəvəmlə birlikdə gəlmişəm. Proses zamanı heç nə olmadı, heç kim heç nə demədi. Əksinə, mən onlara təşəkkür elədim ki, belə gözəl, səliqəli işləyirlər. Sevincliyəm ki, demokratik ölkədə yaşayırıq".


Şəhər sakini Əlizadə Vahid: "19 yaşındayam bu gün sesverməyə gəldik və proses çox şəffaf, düzgün keçdi. Ailə üzvlərimlə burada iştirak edirəm. Məncə, proses düzgün, ədalətli keçdi və bir problem yoxdur. Çox sevincli gündür bizlər üçün.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə