Elektron qolbağı çıxaran məhkumları hansı cəza gözləyir? - SƏDR AÇIQLADI
“Şəxslərin məhkum edildiyi qolbaqlar hər biri elektron sistemdə qeydə alınıb. Bu sistem vasitəsilə müşahidə etmək olur ki, hansı məhkum haradadır, müəyyənləşdirilmiş ərazini tərk edibmi, yaxud da qolbağa rəftarı necədir, onu korlamağa, söndürməyə cəhd edibmi. Bu hallar zamanı dərhal oradan siqnal verilir. Eyni zamanda qolbaqla rəftar zamanı bu qeydə alınır. Qolbağın qorunub saxlanması həmin məhkumların vəzifələrindən biridir”. Bu barədə SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, qolbaq zədələndiyi halda bu qəsdən edilibsə, bu zaman onlar barəsində müvafiq tədbirlər görülə, cəzaları azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilə bilər: “Məhkumun qarşısında qanunla müəyyən olunmuş qaydada vəzifələr vardır. Bu vəzifələrə əməl edilmədiyi halda isə həmin şəxsin həbsxanaya qayıtması ehtimalı yarana bilər”.
Ə.Nuriyev bildirib ki, bu qolbaqlara quraşdırılan elektron nəzarət sistemi vasitəsilə məhkum Azərbaycanın istənilən ərazisində nəzarət altında saxlanılır: “İstər Lerikdə, istər Gədəbəydə yaxud da Bakının hansısa rayonunda olsun, indiyə qədər 5 mindən artıq şəxsə bu qolbaqlar tətbiq edilib. Burada qaydalara nəzarət sistemi çox sərtdir, hansısa qayda pozuntusu aşkarlanarsa elektron nəzarət sistemi dərhal yerlərdə probasiya idarələrinə məlumat göndərir. Probasiya idarələri bunun səbəbini yerində aydınlaşdırır. Məhkumlar qəsdən bu qolbaqları xarab edir, yararsız vəziyyətə salırsa onlar üçün məsuliyət yaranır. Heç kəs də azadlıqla vidalaşmaq istəmir. Ona görə də qolbaq tətbiq edilən məhkumların bir çoxu bu qolbaqlarla ehtiyatlı davranır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB