İstismar müddəti bitmiş nəqliyyat vasitələri dövriyyədən çıxarılır? - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı” var". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Ekspert bildirib ki, bu sərəncamda nəzərdə tutulub ki, köhnə avtomobillərin çıxdaş, utilizasiya olunmasına bir müddət lazımdır: "İndi elə qərar çıxarıblar ki, köhnə nəqliyyat vasitələrinin istismarını qadağan eləmək, onu utilizasiya etmək üçün müəyyən mexanizmlər işlənib hazırlanıb. Həmin mexanizmlərin hazırlanmasını qənaətbəxş hesab etmirəm. Çünki 10-20 ildən artıq nəqliyyat vasitələri hal-hazırda dövriyyədə çoxdur. İstismar müddəti başa çatmış sözünü elmi cəhətdən əsaslandırmaq lazımdır. Hər bir avtomobilin istismarda effektivlik əmsalı var. Onlar elmi cəhətdən alfa deyilən əmsalla nəzərdə tutulur. Elə avtomobillər var ki, onlar istismar müddətini 5-7 ilə yerinə yetirməlidir. Sonra onlar istismar üçün ya yenidən əsaslı təmir olunmalıdır, ya da istismardan çıxarılmalıdır. Şəxsi avtomobil sahibləri avtomobillərindən əl çəkmək istəmirlər. Təhlükəsizlik, ekoloji nöqteyi-nəzərdən çoxlu əsaslar var. Hər bir avtomobilin konstruktiv təhlükəsizlik elementləri var. Həmin elementlər 5 yerə ayrılır:
1. Aktiv təhlükəsizlik elementləri. Qəzadan əvvələ qədər olan elementlərdir ki, sürücüyə qəza olmaması üçün kömək edir.
2. Passiv təhlükəsizlik elementləri. Qəza zamanı elə olmalıdır ki, həmin elementlər qəzada insanların zədələnməsinə təsir edir və hadisədə az zədə alınır.
2. Ekoloji təhlükəsizlik elementləri. Zərərli qazların havaya buraxılmaması, səsin az olması kimi halların qarşısını almaq üçün xüsusi konstruktiv elementlər işlənilir.
4. Qəzadan sonrakı təhlükəsizlik. Qəza oldu, avtomobil alışır, partlayır, qapıların açılması və sair.
5. Qaçırılmağa qarşı təhlükəsizlik elementləri".
O, əlavə edib ki, son zamanlarda daha da inkişaf edib, konstruksiyanı daha da gözəlləşdirirlər: "Yeni avtomobillərdə olsa da, rus istehsalı olan köhnə avtomobillərdə bunlar yoxdur. Ona görə qəza zamanı bu elementlər olmadığı üçün insanlar həlak olur, zədələnirlər. Standarta uyğun, müasir avtomobillər bu elementlərlə təmin olunmalıdır. Köhnə avtomobillərin çıxdaş, utilizasiya olunması mütləq vacibdir. Bunu etmək hələlik könüllü nəzərdə tutulur. İnsanlar da əllərində olan nəqliyyat vasitələrini vermək istəmirlər. Yalnız tamamilə istismarda olmayan, tamamilə xarab olan, hərəkət edə bilməyən nəqliyyat vasitələrini çıxarmaq istəyirlər. Bunlar qeydiyyatdadır, bəzilərinin dövlət nömrə nişanları da var. Birinci mərhələdə istəyirlər ki, bunları versinlər. Bu prosesi tez yerinə yetirmək üçün icra mexanizmini elə etməlidirlər ki, tez icraya kömək etsin. Amma indiki mexanizm ləng mexanizmdir. Çünki könüllülük var. Neçə illərdir ki, bu məsələ deyilir, amma uzadılır. Elə ölkələr var ki, məcburidir.
Bunun üçün fond yaratmaq lazımdır. Utilizasiya fondu yaradılması planlaşdırılır. Bu bir addımdır. Yerinə yetirmək üçün xüsusi təşkilat yaradılmalıdır. Bəzi yerlərdə xüsusi sahibkarlara tapşırırlar, bəzi yerlərdə dövlət tərəfindən fond ayrılır. Könüllü, ictimai xarakterli işləri yerinə yetirmək çətindir. Yol hadisələri çoxdur və köhnə avtomobillərdə daha çox baş verir. İstismara yararsız avtomobil və istismar müddəti keçmiş avtomobil, bunlar tamamilə fərqli şeylərdir. İstismar müddətini keçmiş avtomobil elmi cəhətdən nəzərdə tutulur ki, hər hansı bir avtomobil neçə il işləməlidir. Ola bilsin ki, avtomobil yaxşıdır, amma müddəti keçdiyi üçün onu ləğv edirlər. Bir də istismara yararsız avtomobillər var. Texniki müayinədə avtomobillərin reqlamenti, xüsusi standartları var ki, hansı avtomobillər istismara yararlı hesab olunur. Sürücü gözü ilə və texniki cəhətdən müayinə gözü ilə baxmaq fərqlidir. Hansı nəqliyyat vasitələri istismarda təhlükə yaradırsa, onları aradan çıxarmaq lazımdır. Həm sosial ədalət gözlənilməli, həm də texniki şərtlər ödənilməli, həm insanlar narazı olmamalıdırlar. Ortaq məxrəcə gəlib bunları dəqiqləşdirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB