"Gənclərin vətənpərvər böyüməsində QMİ önəmli addımlar atır" QURUM RƏSMİSİ DANIŞDI

"Gənclərin vətənpərvər böyüməsində QMİ önəmli addımlar atır" QURUM RƏSMİSİ DANIŞDI

"Azərbaycanda əhalinin 96 faizindən çoxunu müsəlmanlar təşkil edir. Belə bir müsəlman cəmiyyətində sivil yaşamaq və insanların formalaşması, dünya ictimaiyyəti ilə müxtəlif formalarda əlaqələrin qurulmasında Qafqaz Müsəlmanları İdarəsinin rolu var. Xüsusilə dövlətin formalaşması və güclənməsində QMİ öz əməyini heç bir zaman əsirgəmir". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, gənclərin vətənpərvər böyüməsində də QMİ önəmli addımlar atır: "Təbii ki, günümüzdə məscidlərdə fəaliyyət göstərən ziyalı, savadlı din xadimlərinin yetişməsində, təhsil almasında QMİ-nin rolu danılmazdır. QMİ-nin təsis etdiyi Bakı İslam Universitetinin məzunları bu gün din xadimi kimi fəaliyyət göstərirlər.

Cəmiyyətdə sağlam dini təbliğin olması baxımından da mühüm işlər görülür. Bu istiqamətdə dini əqidənin formalaşması üçün müxtəlif kitabların yazılıb, hazırlanmasına dəstək verilir. Xüsusilə də bu barədə QMİ sədrinin gördüyü işlər əvəzsizdir.

Bu gün Azərbaycanda müsəlmanlarla yanaşı başqa din nümayəndələri də yaşayırlar. Onların müsəlmanlarla birgə yaşaması üçün QMİ düzgün addımlar atır. Biz tədbirlərimizi yalnız müsəlmanlarla birgə keçirmir, digər din nümayəndələrini də dəvət edirik.

QMİ-nin həyata keçirdiyi ən mühüm iş Azərbaycanda məzhəb ayrı-seçkiliyinin olmamasıdır. QMİ sədri hər zaman bildirir ki, əgər hər hansı imam sünni-şiə ayrı-seçkiliyi salarsa, bizim cərgələrimizdə ola bilməz".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə