Tez-tez bahalı telefon nömrələrinin satışının şahidi oluruq. Hətta 100 min manatadək qiymət qoyulan nömrələr mövcuddur. Bu nömrələrin sirri nədədir? Onları bu qədər dəyərli edən səbəb nədir? SİA mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimlinin fikrini öyrənib.
Ekspert bildirib ki, bu mövzunun iqtisadi cəhətdən əsaslandırılması yoxdur: “Bu nömrələrin daxili, yaxud istehlak dəyəri də yoxdur, mübadilə dəyəri var. Mübadilə dəyəri odur ki, qiymət təyin olunur, alıcısı varsa dəyəri var, yoxdursa dəyəri də yoxdur. Burada maraqlı məsələ odur ki, nömrə sənə də aid deyil, istifadə hüququ sənə aiddir. Bildiyimiz kimi, bir müddət istifadə etmədikdən sonra əsl sahibi olan operatorlar mənimsəyir. Yəni burada mülkiyyət hüququ sizdə olmur”.
X.Kərimli qeyd edib ki, 5 min, 10 min, 100 min manata qoyulan nömrələrdə, sadəcə olaraq, satıcı nömrənin eksklüzivliyindən, istisnalığından istifadə edir: “Bu istisnalıq da alıcının gözündə formalaşır. Alıcı düşünür ki, bu nömrə fərqlilik yaradır, status verir. Burada söhbət nömrənin yox, hissiyyatın satılmasından gedir. Bu da yenə də tərəflərə bağlıdır. Alıcı bunu qiymətləndirir. Necə kripto valyutada enmə və artmalar olursa, bu məsələdə də eyni məqamlar, driverlər özünü göstərir. 100 minlik nömrəni alan şəxs yəqin ki, pensiyaçı deyil, bu pula nömrə alırsa yəqin ki, onun 100 milyonu var. Bu məbləğ onun sərvətində tutumu o qədər azdır. Bu məbləğ bizə bir evin qiyməti kimi görünə bilər, alıcısının imkanları çərçivəsində isə bu məbləğ 3-4 manata bərabərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB