"Gənclərin məşğulluq məsələlərinə xüsusi diqqət ayrılmalıdır" - SOSİOLOQ FİKRİ
“Azərbaycanda gənclər əhalinin böyük əksəriyyətini təşkil edir. 10 il əvvəlki Azərbaycan statistikasına görə, bu gün gənclərin sayında enmə var. Əvvəl gənclər ölkə əhalisinin 29-30%-ni təşkil edirdisə, indi 21-22%-ni təşkil edir. Bu, o deməkdir ki, ölkə əhalisi içərisində gənclərin statistikasında enmə dinamikası müşahidə olunur. Bu, həm də o deməkdir ki, Azərbaycanda təbii artımda enmə var. Əvvəllər Azərbaycanda çoxuşaqlı ailələr üstünlük təşkil edirdisə, indi ailə planlamasında 1, 2, ən yaxşı halda 3 uşağa üstünlük verilir. Ona görə də yaxın və orta perspektivdə də gənclərin sayında artım müşahidə olunmayacaq”. Bu barədə SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, gənclər siyasəti ilə bağlı dövlətimizin bir sıra proqramları var: “Hesab edirəm ki, dövlətin gənclərlə bağlı qəbul etdiyi qərarlara, sərəncamlara nəzarət mexanizmi gücləndirilməlidir. Rəsmi statistikaya görə, gənclər arasında işsizliyin səviyyəsi 9-11% göstərilir. Nəzərə alsaq ki, gənclər Azərbaycanın sabahıdır, gənclərin məşğulluq məsələlərinə xüsusi diqqət ayrılmalıdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı hər 5 ildən bir xüsusi dövlət proqramı qəbul olunur. Bu proqramın işləmə mexanizminə nəzarət gücləndirilməlidir. Regionlarda gənclər evlərinin funksionallığına diqqət yetirilməli, işdənkənar fəaliyyət sahələri yaradılmalıdır. Paytaxt gəncləri üçün kitabxanalara, informasiya mənbələrinə əlçatanlıq daha rahatdır, nəinki region gəncləri üçün”.
Sosioloq qeyd edib ki, gəncləri paytaxta gətirən, xaricə aparan səbəbləri aradan qaldırmaq lazımdır: “Regionlarda gənclər üçün lazımi şərait olsa gənclər bu yola üz tutmazlar. Böyük mədəniyyət, sənət tədbirləri həm də regionlarda keçirmək lazımdır ki, bölgə gəncləri də paytaxta, xaricə üz tutmasın. İlk növbədə, regionla paytaxtın fərqləri azaldılmalıdır ki, gənclər paytaxta kütləvi şəkildə köç etməsin, regionda qalıb işləyə bilsinlər. Gənclər şəhərə üz tutur və kəndlər boşalır. Bunun qarşısını almaq üçün böyük bir sosial tədqiqat lazımdır”.
Müsahibimiz bildirib ki, gənclərin məşğulluğu ilə bağlı digər mühüm məqam əmək bazarına uyğun ixtisaslara yiyələnməkdən ibarətdir: “Bəzən gənclər ali təhsil üçün elə sahələrə axın edir ki, o sahə üzrə əmək bazarında kadr bolluğu var. Amma elə sahələr də var ki, onlarda da kadr qıtlığı özünü göstərir, amma gənclər bu sahələrə yönəlmir. Bu məsələyə futuristik yanaşmaq lazımdır. 5 ildən, 10 ildən sonra əmək bazarı hansı kadra ehtiyac duyacaqsa gəncləri hətta orta məktəbdən həmin ixtisaslara istiqamətləndirmək lazımdır ki, onlar gələcəkdə əmək bazarında ehtiyac duyulan ixtisaslara yiyələnsinlər. Gənclərin ixtisas seçimi ilə bağlı həm ali təhsil müəssisələri, həm də Elm və Təhsil Nazirliyi orta məktəblərdə iş aparmalıdır. Yəni orta məktəblərdən ixtisasları tanıtmağa, təqdim etməyə başlamalıdır ki, gələcəkdə önəm təşkil edəcək ixtisaslar üçün kadr hazırlansın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB