Müəlliflik hüququnu pozanları hansı cəzalar gözləyir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, hər kəsin əqli mülkiyyət hüququ var". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.
.jpg)
O, bildirib ki, bura müəlliflik, ixtiraçılıq və müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri də aiddir: "Yəni, bütün bunlar qanunla qorunur. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun 8-ci maddəsinə görə, əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.
Həmin qanunun 26-cı maddəsinə görə, anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır. Bu cür qoruma müddəti müəlliflərə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda görməyə imkan verir”.
Hüquqşünas əlavə edib ki, bu qanun sosial şəbəkələrə də aiddir: "Belə ki, kimsə başqasının əsərindən hətta bir abzas götürüb öz fikri kimi sosial şəbəkədə status formasında paylaşarsa, müəllif öz hüquqlarının qorunması üçün məhkəməyə müraciət edə bilər. Qeyd edim ki, müəllif hüquqlarının qorunması ilə bağlı məhkəməyə müraciət dövlət rüsumundan azaddır.
Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:
1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;
3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması;
4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.
Həmçinin müəllif hüquqlarının pozulması cinayət məsuliyyətinə cəlb olunma ilə də nəticələnə bilər. Belə ki, Cinayət məcəlləsinin 165-ci maddəsinə görə, Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Ağırlaşdırıcı hallarda isə bu əməl hətta iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB