Xarici dil öyrənmək üçün nə etməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ

Xarici dil öyrənmək üçün nə etməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ

"Dövr və zaman dəyişdikcə öyrənmə platformaları, öyrənmə istəkləri də dəyişir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O, bildirib ki, dil öyrənmək istək və ehtiyacları forma, məzmun və metodika baxımından dəyişir, təkmilləşir, inkişaf edir. İnsanlar sürətli, çevik öyrənmə mənbələrindən istifadə etməklə, xarici dil öyrənməyə üstünlük verirlər. Xarici dil öyrənmə mənbələri dil öyrənənin istək və ehtiyacına uyğun dəyişə bilir.

Xarici dil öyrənmə mənbələrinə kitablar, dərslik və dərs vəsaitləri, o cümlədən onlayn resursları misal göstərmək olar. Bundan əlavə dil öyrənməni çevik və sürətli etmək üçün ağıllı telefonlara mobil aplikasiyalar yükləmək mümkündür.
Bu mobil aplikasiyalar bizə gündəlik dil öyrənmənin, o cümlədən dinləyib-anlama imkanlarını, nitqi inkşaf etdirməni, söz öyrənmənin hansı vəziyyətdə olduğunu izləməyə imkan verir. Bu cür dil öyrənmə aplikasiyalarına “Duolingo” və buna bənzər dil öyrənmə proqramlarını misal göstərmək olar.

Nəzəri qrammatikaya fokuslandıqda danışıq arxa planda qalır. Biz nəzəri yox, kommunikativ qrammatikaya üstünlük verməliyik. Yəni danışıq zamanı hansı qrammatik və fonetik çərçivələri bilmək, əksər hallarda bizim xarici dildə danışma imkanımızın inkişafı üçün qənaətbəxş ola bilir. Mükəmməl qrammatika öyrənmə dövrün və zamanın tələbinə o qədər də uyğun gəlmir".

"Gün ərzində nə qədər çox danışsaq, bir o qədər dil öyrənməni sürətli hala gətirə bilirik. Bu öyrənənin marağına, istəyinə və öyrənmə gücünə bağlıdır. Mütəxəssis rəylərinə əsaslanaraq bildirmək istəyirəm ki, 800-1200 təməl, işlək söz bazası olan, öyrənən şəxs hər hansı xarici dildə aşağı səviyyədə də olsa, danışma imkanına malik ola bilir" - deyə təhsil eksperti əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə