“Qiymətlə yanaşı keyfiyyət də artırılmalıdır” - SORĞU

“Qiymətlə yanaşı keyfiyyət də artırılmalıdır” - SORĞU

“Taksi qiymətlərindəki artım dövlət tərəfindən atılan addım deyil, sırf özəl taksi şirkətlərinin verdikləri qərardır. Dövlət tərəfindən yalnız ötən ilin yayında minimal qiymətlər müəyyənləşdirilib”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, yüksək qiymətlərin tətbiq olunması şirkətlərin ixtiyarındadır və buna heç kim qadağa qoya bilməz: “Amma yaxşı olar ki, qiymət kimi keyfiyyət də artırılsın. Çünki Uber, Bolt kimi taksi şirkətlərindən kifayət qədər narazılıqlar mövcuddur. Narazılıqların kökündə isə xidmətin aşağı olması dayanır. Buna görə də qiymətlə yanaşı, mütləq şəkildə keyfiyyətin artırılması məsələsinə də diqqət yetirilməlidir”.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli fikirlərini bölüşüb: “Taksi şirkətlərinin əlavə xidmət haqqı tələb etməsi çox güman ki, rəqabətlə bağlıdır. Hesab edirəm ki, bu doğru deyil. Vətəndaş öncədən ödəyəcəyi məbləğin cəmini bilməlidir. Görünür restoranların tətbiq etdiyi servis haqqı, taksi şirkətlərinin də diqqətini çəkib, istəyinə səbəb olub”.

Məsələ ilə bağlı Uber mətbuat xidmətindən verilən məlumata görə, bu həftədən etibarən Uber proqramında sifariş edilən səfərin qiymətinə 0,1 manat xidmət haqqı daxildir: “Bu, ödənişi xidmətin fəaliyyəti və inkişafı üçün istifadə edəcəyik. Xidmət haqqı sərnişin və xidmət arasında qarşılıqlı ödəniş olduğu üçün sürücünün gəlirinə təsir göstərmir. Nəzərinizə çatdırmaq istəyirik ki bazar-da bu xidmət haqqı artıq standartdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə