Xuraman Muradova: "Xilaskarı dəstəkləmək milləti dəstəkləmək deməkdir!" - MÜSAHİBƏ
Müsahibim Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, “Humay mükafatı laureatı, Türk dünyası “Altın yıldız” və “Onur” medallı, sahibkar iş xanımı, “Vip Milan” hospitalın təsisçi direktoru, “Vektor” Elmlər Akademiyasının fəxri professoru, AYB-nin və Türkiyə Yazarlar Birliyinin üzvü Xuraman xanım Muradovadır.
- Salam, Xuraman xanım! Siz bütün sahibkarlıq və yaradıcılıq fəaliyyətinizdə həmişə dövləti və dövlətçiliyi dəstəkləmisiniz. 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrlərdə də biz həmişə bunun şahidi olduq. Xahiş edirəm, bu ali məqsədinizi çoxminli oxuculara aydınladın.
- Təşəkkür edirəm. Sizi və bütün oxucularımızı salamlayıram! İlk öncə bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, mənim ədəbi yaradıcılıq və sahibkarlıq fəaliyyətimdən daha öndə vətəndaşlıq mövqeyim dayanır. İllərin sınağından və təfəkkür süzgəcindən keçib gələn iki misra söyləmək istəyirəm sizə: Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı... Yəni mən söz adamı, düşüncə adamı, ictimai fikir adamı və iş adamı olmaqdan daha öncə bu ölkənin vətəndaşıyam. Və 44 günlük müqəddəs Vətən savaşı ərəfəsində də, müharibədən öncəki və sonrakı dönəmlərdə də əlimdən gəldiyi, gücümün və imkanlarımın yetdiyi qədər vətəndaş borcumu yetirə yetirməyə çalışmışam. Müharibə günlərində cəbhə bölgəsində olan əsgərlərimizə ərzaq, qida, tibbi ləvazimat və digər lazımi ehtiyatları hazırlayıb yola salmaqla, rəhbərlik etdiyim “VİP Milan” hospitalımızda Vətənin azadlığı uğrunda düşünmədən canını – yeriyən ayağını, vuran qolunu, görən gözünün nurunu fəda edən igid oğullarımızın, qazi qardaşlarımızın müalicəsini öhdəmizə götürməklə dövlətimiz qarşısında, dövlətçiliyimiz qarşısında öz vətəndaşlıq missiyamı həyata keçirməyə çalışmışam.

- Sizin yaradıcılığınızın çox böyük bir hissəsi Vətənə, torpağa və xalqa həsr olunub. Yaradıcılığınızda bunun qırmızı xətlə keçməsinin səbəbi nədir?
- Həssas müşahidələriniz və yaradıcılığıma olan diqqətiniz üçün minnətdarlığımı bildirirəm. Bu, həqiqətən də belədir. Poeziyamın böyük əksəriyyətini Vətənimizə, torpağımıza həsr etdiyim şeirlərim təşkil edir. Çünki mənim bir insan kimi həyat qayəm budur ki, bizi yaradan Allaha, Allahdan sonra bizi yaradan valideynlərimizə borclu və mütəşəkkir olduğumuz qədər havasını udduğumuz, suyunu içdiyimiz, ayaq açıb gəzdiyimiz, qoynunda pərvazlandığımız bu torpağa, yurdumuza şükranla minnətdar olmalıyıq. Doğulduğu və yaşadığı coğrafiya insanın həyatında çox mühüm bir yer tutur. İlahinin təqdirinə sonsuz şükürlər ki, bizim də bəxtimizə, taleyimizə bu “Odlar Yurdu”nda – İgid oğullar yetirən Ərənlər yurdunda – Od qoruyan “Odərlər yurdu”nda doğulmaq düşüb. Bu Vətənin masmavi dənizi də, lacivərd səması da, al şəfəqli üfüqləri də, yaşıl çəməni də, min rəngə boyanan çiçəyi də yaradıcı təxəyyül üçün böyük material verir. Mən daxili təbiətim etibarilə, Allahın ehsan etdiyi bütün bu gözəllikləri – səhərin sübh çağı Günəşin doğmasını, əsr namazı vaxtı Günəşin qürub çağını, qaranlıq gecəmizi aydınlandıran Ayın bəmbəyaz işığını, çiçəyin rəngini, sözün sehrini duyan və qələmə alan, sözə - şeirə çevirən biriyəm.
Mənim rəhmətlik atam əslən dilbər guşələrimizdən olan Laçın rayonundandır. Özüm isə Goranboyda doğulub böyümüşəm. Və mən tərcümeyi-halımdan bəhs edəndə hər yerdə fəxrlə deyirəm ki, mən kənd qızıyam. Gözümü kənddə açmışam. Xəmirimi, mayamı halallıqdan yoğuran atamın, sadə kəndli xanım olan ismətli, zəhmətkeş anamın qabarlı əlləri, torpağa bağlılığı gözümdən getmir. Mən atamla anamın timsalında görmüşəm ki, torpağa əyilmədən ucalmaq mümkünsüzdür. Torpağa əyiləni, torpağa təzim edəni Allah ruzi, bərəkətiylə ucaldar. Xarakterimdəki zəhmətkeşlik də, əzmkarlıq da, iradəli olmağım da düşünürəm ki, bununla bağlıdır. Bu mənada, Can Laçınım , doğulub boya-başa çatdığım Goranboyum və bütövlükdə Azərbaycanım, doğma məmləkətim, ana torpağım, ata yurdum mənim bədii yaradıcılığımda əsas tərənnüm obyektimdir.

- Siz hələ sahibkarlığa başladığınız ilk illərdə ulu öndər Heydər Əliyevin ən böyük təbliğatçılarından biri olmusunuz. Ulu Öndərə sevginiz haradan qaynaqlanıb?
- Mən 1982-1988-ci illərdə Azərbaycan Memarlıq Universitetində ali təhsil alırdım. Bizim tələbəlik illərimiz ölkəmizin həyatının ən keşməkeşli dönəmlərinə təsadüf edib. O zaman ümumilli liderimiz Heydər Əliyev SSRİ Nazirlər Kabinetinin birinci müavini idi. Azərbaycan hər nə qədər Sovetlər birliyinin tərkibində olsa da, o cür çətin dövrdə belə Heydər Əliyev Azərbaycanın intibahına yönəlik qərarları dəstəkləməyə can atırdı. Bütün bu ictimai-siyasi proseslər bizim gözümüz önündə reallaşdığından dolayı gənclik illərimizdən mən Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətini həmişə alqışlamış və təbliğ etmişəm. Dildə deyilməsi asan olan 70 il qədərində böyük bir zaman kəsimində bu torpaqda kök salmış imperiyanı söküb atmaq və bu torpaqlara milli ruh, can vermək asan məsələ deyildi. Heydər Əliyev bunun öhdəsindən gəldi. Müstəqil Azərbaycanımızın qurucu memarı oldu və şərəflə yaşadığı ömrün yekununda bizə bağımsız bir məmləkət ərməğan edərək Haqq dünyasına qovuşdu.
Ötən il Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar bir neçə dövlət tədbirlərində, qurultaylarda iştirak etdim. Və Ümummilli Liderimizin - ürəklərdə ölümsüzləşən o böyük şəxsiyyətin necə rəhmətlə anıldığını müşahidə etdim. Məhəmməd Hadinin bir misrasını həmişə xatırlayıram. Ömrü boyu özgür bir dövlət, hürriyyət eşqi ilə yaşayan şair yazmışdı ki: “Yox millətimin imzası imzalar içində...”. Bu gün uca Allaha həmd olsun ki, cənnətməkan Heydər Əliyevin siyasi iradəsi hesabına biz ürəklə deyə bilirik ki: “Var millətimin imzası imzalar içində!”
Allah ürəklərimizdə yaşayan ulu Öndərə və əziz Zərifə xanıma qəni-qəni rəhmət eləsin!
- 2003-cü ildə cənab İlham Əliyevin prezidentliyə namizədliyi veriləndə siz onun ən böyük təbliğatçılarından biri olubsunuz. Niyə məhz İlham Əliyevi prezident görmək istəyirdiniz?
- İllərin sınağından çıxmış bir məsəl var. Deyirlər ki, “Sağlam torpaqdan həmişə sağlam toxumlar göyərər. İlham Əliyev sağlam təməlləri olan mükəmməl bir ailədə - görkəmli alim, savadlı həkim, əsl ziyalı xanım olan Zərifə xanımla Ulu Öndərin birgə verdiyi mükəmməl tərbiyə ilə yetişib, kamil bir xarakterdə formalaşıb. Zərifə xanım elə yüksək etikası, əxlaqi keyfiyyətləri olan bir insan olub ki, onun həkim kimi məslək etikası bütün SSRİ miqyasında müzakirələrə mövzu olarmış. Mərhum Ulu Öndərimizin bilik dairəsi, siyasi iradəsi və yüksək idarəçilik bacarığı isə o evdə, o ocaqda böyüyən insanın ilk gənclik illərindən püxtələməsinə və liderlik keyfiyyətlərinə yiyələnməsinə səbəb olub.
Məhəmmədhüseyn Şəhriyarın gözəl bir sözü var. Deyir ki: Şair ola bilməzsən, anan doğmasa şair… Yəni, insan anadan şair doğulmalıdır. Liderlik də elə bir ali keyfiyyətdir ki, mütləq mənada insanın bioloji təməlində, qanında, canında bu ilahi fitrət olmalıdır.
Cənab İlham Əliyev 20 il əvvəl 2003-cü ilin oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq millətimizin önündə gedən bir Lider kimi, Bayraqdar kimi müqəddəs bir yola çıxdı. Bu keşməkeşli yolda gənc olmasına baxmayaraq O, bütün çətinliklərə mərdliklə sinə gərdi və parlaq əməlləri ilə xalqımızın yüksək etimadını qazanmağı bacardı.
Onun prezident seçilməsi ilə ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini bütün dünya gördü. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız da və o xalqın nümayəndəsi – bəndəniz Xuraman Muradova da 2003-cü ildə keçirilən seçkilərdə Ulu Öndərin layiqli davamçısı İlham Əliyevi dəstəklədi.
20 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
42 yaşında hakimiyyətə gələn cənab Prezidentimiz gəncliyini, şərəfli ömrünün 20 ilini ölkəmizin, millətimizin rifahına həsr etdi. Və atdığı hər addımla, əməli ilə sübut etdi ki, Onu sevdiyimiz və seçdiyimiz üçün yanılmamışıq.
- Siz öz sahibkarlıq işiniz və yaradıcılığınızla bağlı tez-tez xarici səfərlərdə olursunuz. Orada bizim prezidentimizə qarşı münasibət necədir?
- Bu sualınıza cavab verməklə mən təkcə Prezidentimizə olan münasibəti deyil, həm də kənardan baxanda Azərbaycanımızın necə göründüyü mənzərəni sizin nəzərinizdə canlandırmaq istəyirəm. Çünki müzəffər bir ölkə, bağımsız, müstəqil Azərbaycan həm də müzəffər Ali Baş Komandan deməkdir. Və böyük qürur hissi ilə deməliyəm ki, qardaş Türkiyəmizdə, eləcə də ədəbi körpülərimiz olan qardaş Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda Azərbaycana – onun müzəffər Oğluna - Cənab İlham Əliyev şəxsiyyətinə inanılmaz fiziki gücə və iradəyə sahib, son dərəcə savadlı, mədəni, alicənab, bilgiləri ilə bütün dünyaya meydan oxuyan Böyük Fateh kimi, Şuşa qalasının xilaskarı kimi, Azərbaycan Silahlı Qüvvələrinin adının haqqını verən Ali Baş Komandanı kimi və bütün dünyanın böyük diplomatiya öyrəndiyi Ulu öndərin uca Türk millətinə qiymətli mənəvi mirası kimi dərin sevgi və rəğbətlə yanaşırlar.
Elə ötən ilin oktyabrında iştirakçısı olduğum uluslararası festivalda, Türkiyənin Elazığ şəhərində keçirilən “Beynəlxalq Xəzər şeir axşamları”nda uşaqdan böyüyə hər bir türk insanının Müzəffər Ali Baş Komandanımıza olan sevgi və heyranlığını öz gözlərimlə müşahidə etdim.

- Bir sıra xarici ölkələrdə üzdəniraq blogerlər, jurnalistlər və özlərini siyasətçi adlandıranlar həm ölkəmiz haqqında çoxlu qarayaxmalar edirlər. Buna sizin bir ziyalı kimi, münasibətiniz necədir?
- Ata-babalarımızın gözəl bir sözü var: Boş araba bərk səs salar. Ağac bar verdikcə başını aşağı əyər. İnsan da ağac kimidir. İnsanın da içi dolu olduqca, mənəvi cəhətdən zənginləşdikcə, kamilləşdikcə boş hay-küydən uzaq olar. Dilinə hədyan söz gətirməz. Bir insan görmək istəməyəndən daha kor, eşitmək istəməyəndən daha artıq kar ola bilməz. Qərbin köynəyinə sığınıb ölkədə baş verən bu qədər çiçəklənməni, renesansı, intibahı görməzdən, eşitməzdən gələnlərin məqsədi-məramı artıq hamıya bəllidir. Belələri haqqında ən gözəl fikir heç bir mövqe sərgiləməməkdir.
Bizim ölkəmizə bütün dünyanın diqqət mərkəzində olan, həm siyasi xarizması, həm intellekti, həm yüksək dil bilgiləri, həm hərtərəfli idarəçilik qabiliyyəti olan İlham Əliyev kimi ideal bir şəxsiyyət rəhbərlik edir. Çox da uzağa getmədən, nəzərlərinizi 44 günlük Vətən müharibəsi dönəminə yönəltmək istəyirəm. Cənab Ali Baş Komandan Almaniyanın ARD kanalına müsahibə verirdi. Həmin müsahibə aparanın isə qərəzli mövqeyi verdiyi hər bir sualdan açıq-aşkar görünürdü. Birdən o cənab prezidentə dedi ki, niyə Qarabağ Azərbaycan üçün maraqlıdır? Orda resurslar olduğuna görə yoxsa Qarabağ hər hansı rəmzi məna daşıyır?
O zaman Cənab Ali Baş Komandan həmin jurnalistə çox tutarlı bir cavab verdi. Dedi ki, Elzas və Lataringe sizin üçün niyə önəmlidir? Bavariya yaxud Reyn-Vestfaliya sizin üçün niyə önəmlidir?? Qarabağ da, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu, resurs məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Neftimiz, yanar qaz və digər təbii sərvətimiz Bakıdadır. Amma Qarabağ ədalət məsələsidir, milli qürur məsələsidir, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik – deyə cavab vermişdi müzəffər Ali Baş Komandan. Hətta mən deyərdim ki, cənab prezidentin bu mükəmməl cavabı hədyan dezinformasiyalar yayan “Human Rights Watch” və “Amnesty International” kimi qərəzli, agentliklərin, həqiqətləri görməyə kor olan Qərbin üzünə tərs şapalaq kimi dəymişdi.
Yəni, İlham Əliyev elə bir kamil düşüncə və siyasi iradə sahibidir ki, 200 illik bir torpaq iddiasını, bitməyən savaşı 44 günə durdura bildi. Bu böyüklükdə ictimai-siyasi fəaliyyətləri, bu fədakarlıqları görə bilməyənlərə nə desən də, eşitməyəcəklər. Ona görə də Alimin nadana ən gözəl cavabı susmaqdır.
- 2024-cü ilin 7 fevral tarixində prezident seçkiləridir. Siz hər söhbətinizdə və çıxışlarınızda deyirsiniz, yazırsınız ki, məhz İlham Əliyevin prezident olmasını dəstəkləyəcəksiniz. Niyə məhz cənab İlham Əliyev?
- 42 yaşında ölkəmizin ən ali vəzifəsinə seçilən cənab İlham Əliyev, ötən 20 il ərzində xalqımıza qələbələr, zəfərlər, uğurlar gətirdi. Bizi uğursuzluq zolağından çıxaran Dahi Liderimiz Ata vəsiyyətinə əməl edərək Ulu Öndərin müqəddəs ruhunu şad etdi, gələcək nəsillərə yol göstərdi, üfüq və qanad verdi... O, xalqını, xalqı da onu bağrına basdı. İlham Əliyev müdrik siyasəti ilə bütün dünyaya bəyan etdi ki, O, mənfur qonşularımızın 200 illik torpaq iddialarını 44 günün içində dəfn etdi, uzaqgörən siyasəti, ağlı, müdrikliyi, cəsarəti, dünyagörüşü, mərhəməti, insansevərliyi ilə hər bir azərbaycanlının prezidenti olmağı bacardı...
Əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Tarixə nəzər salsaq görərik ki, ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu.
Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın noyabrın 8-də işğaldan azad edilməsi tariximizə şanlı Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici jurnalistlərə, xarici KİV-lərə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Vətən müharibəsində qazanılmış parlaq Qələbə həm də həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi. Ötən 20 ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Bunun parlaq ifadəsidir ki, 2020-ci ilin Qalib Azərbaycanına, 2023-cü ilin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanına inanan, bu günləri görən müdrik xalqımız İlham Əliyevə yenə də etimad göstərir. Xalqın müdrikliyi, Prezidentin öz sözünün sahibi olması, içdiyi anda sadiqliyi, əhdinə vəfadarlığı bugünkü parlaq tarixi faktlar işığında çox möhtəşəm görünür.
İlham Əliyevin prezidentliyi dönəmində çəkilən yollar, tunellər, körpülər... Azərbaycandan keçən yaxud Azərbaycandan başlayan böyük nəqliyyat xətləri, bir sözlə, infrastruktur layihələri qeyri-adi dərəcədə həyati və fövqəladə dərəcədə önəmli olub, ölkəmizə üstünlüklər gətirdi. Dövlət başçımızın sarsılmaz siyasi iradəsi, qəbul edilmiş proqramlar, alternativlərin ən yaxşısı olan yol xəritələri nəhayətdə öz bəhrəsini verdi – bizi böyük Zəfərə götürdü...
Ötən illər ərzində Azərbaycan Prezidenti xarici münasibətlərdə dövlətimizi ləyaqətlə təmsil etdi. İlham Əliyev hər xarici səfərində, hər beynəlxalq platformada xalqımıza qürur yaşatdı, bu gün də qürur yaşadır, gələcəkdə də qürurumuz olacaq.
O, Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, eləcə də, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə ləyaqətlə əməl edilməsinin təminatçısı olduğunu əməldə parlaq şəkildə sübut etdi.
Prezident Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrimizin qüdrət qazanması, istənilən tapşırığı qüsursuz yerinə yetirməsi üçün var gücü ilə çalışdı, çalışır və bu yolda yürüyənlərə örnəkdir.
Ötən illərdə dövlət büdcəsində hərbi xərclərin çəkisi xüsusi şəkildə artırılaraq elə səviyyəyə çatdırıldı ki, işğalçı dövlətin ümumi büdcəsi ilə müqayisə olundu. Azərbaycan Respublikasının hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edən Prezident, dövlətin həmçinin çox vacib sosial-iqtisadi proqramlarını təsdiq etdi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yeni çağırışlara uyğun dizayn etdi.
Heç təsadüfi deyil ki, 44 günlük müharibədən sonra da Orduya ayrılan vəsaitlər azaldılmadı – daha da artırıldı və bu həyati qərarın nə dərəcədə effektiv olduğu göz qabağındadır: ərazi bütövlüyümüz və Qarabağda dövlət suverenliyimiz tam bərpa olundu!
200 illik bir torpaq iddiasını, bitməyən savaşı 20 ilə durdura bilən dövlət başçısının adı daim könlümüzdə, qələmimizdə, kitabımızdadır! Başı ucaltdığı üçrəngli bayrağımız kimi daim uca olsun! Onun Azərbaycan üçün etdiyi fədakarlıqları unutmayan xalqımız həmişə Ali Baş Komandamızın “Dəmir Yumruğ”unun ətrafında sıx birləşəcək və Onu dəstəkləyəcək.
- Bu seçkilərdən sonra yəqin ki, Azərbaycanın daha da çiçəklənməsi və daha çox inkişafı dövrü başlayacaq. Bununla bağlı bir sahibkar və yaradıcı insan kimi hansı təklifləri vermək istərdiniz?
- Azərbaycan artıq böyük bir çiçəklənmə və inkişaf mərhələsindədir. Artıq 4 ildir ki, işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlər yenidən qurulur. Prezident İlham Əliyevin liderliyi və uğurlu siyasəti, Qarabağ münaqisəsi ilə əldə edilmiş zəfər ilə birlikdə Azərbaycanın dinamik inkişafında və regional stabilliyində bir dönüş nöqtəsi təşkil edir. İnanırıq ki, Prezidentimiz öz ali missiyasını bundan sonra da uğurla davam etdirəcək. Qarabağda görülən genişmiqyaslı quruculuq işlərinin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni reallıqlar ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Cənab İlham Əliyevin vurğuladığı kimi, “Biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik”. Mən həmişə Ali Baş Komandanımızın siyasi kursunu əsgər kimi dəstəkləyən bir insan kimi demək istəyirəm ki, bundan sonra da “Dəmir yumruğ”un ətrafında sıx birləşəcəyik. İstər ölkə paytaxtında, istər regionlarda, istər yeni həyat işartıları qayıdan Qarabağımızda tibbi, mədəni-sosial sahədə bütün quruculuq işlərində biz də öz töhfələrimizi verəcəyik, inşallah!
Allah Azərbaycanımızı qorusun! Allah xalqımızı, millətimizi, dövlətimizi, Ali Baş Komandanımızı və bizim fəxrimiz, əzizimiz dəyərli bacımız, birinci vitse-prezidentimiz Mehriban xanımı və onun övladlarını, nəvələrini qorusun! Allah ölkəmizə əmin-amanlıq bəxş edən Ali Baş Komandanımızı bu xalqa gözüdolusu versin! Allah dövlətimizi, dövlərçiliyimizi, dövlət başçımızı qorusun! Amin inşallah!
Ağalar İdrisoğlu,
Yazışı-publisist, əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB