"Yeni metro stansiyalarından danışanda deyə bilərəm ki, hal-hazırda Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən isə 5-ci stansiyasında inşaat işləri gedir". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, inşaat işləri ilə dövrü olaraq ictimaiyyət məlumatlandırılır: "Bütün səviyyələr üzrə qazıntı işləri tamamlanıb. Keçidlərdə işlərə başlanılıb. Eyni zamanda stansiyanı Bənövşəyi xətlə birləşdirəcək dəmir yolu şəbəkəsində işlər tamamlanıb. Yol infrastrukturu, hərəkətin təşkili, digər məsələlər, stansiyasının infrastrukturu ilə bağlı işlər bundan sonra tikintinin tamamlama mərhələsi ilə paralel aparılacaq. Hazırda stansiyanın eskalator, vintelyatorları Bakıya gətirilib. Tikintinin müəyyən mərhələsində bu sistem avadanlıqları quraşdırılması planlı aparılacaq. Digər məsələlərlə bağlı hansı nöqtələrdə salınmalıdırsa, hamısı Bakının Baş planında əyani şəkildə və dövrü olaraq göstərilib. Baş planın icra mexanizmləri ilə bağlı məsələlər həllini tapdıqda ictimaiyyətə bütün informasiyalar təqdim olunacaq".
O, əlavə edərək deyib ki, qatarlarda tətbiq olunan idarəetmə yenilikləri ilə bağlı 2023-cü ilin hesabatlarında qeyd etmişik: "Modernləşdirmə məsələləri, vaqonların orta və əsaslı təmiri bir sıra hallarda cari təmir zamanı aparılır. Bu il ərzində də planlaşdırılmış orta təmir olunacaq qatarlarımız var. Orta təmir qatarın qət etdiyi məsafədən asılı olaraq təyin olunur. Buna uyğun 4 qatarda modernləşdirmə işi aparılacaq. Yaxın vaxtlarda orta təmir olunmaqla modernləşdirilən bir qatarın xəttə buraxılması nəzərdə tutulub. Hal-hazırda həmin qatarda həm orta təmirin, həm də modernləşdirmənin sonuncu mərhələsi davam edir.
Tətbiq olunacaq mühüm yeniliklərdən birinə də başlanılıb. 2023-cü ildə Bakı Metropolitenində pilot layihə kimi qatarlardan birində yanğın təhlükəsizliyi sisteminin yeni nəsil avadanlığının quraşdırılmasına başlanmışdı. Bu, unikal sistem olacaq. Pilot layihə kimi uğurla başa çatdığına və effektiv olduğuna görə tətbiqin genişləndirilməsi nəzərdə tutulub. Ən vacib nüanslardan biri həmin sistemin nəinki yanğın zamanı, eyni zamanda bir sıra hallarda qabaqlayıcı tədbirlərin görülməsini də mümkün edən sistemdir. Vaqonlarda olan hər hansı qovşaq və hissələrdə yanğına səbəb ola biləcək məsələ ilə bağlı nasazlıq, qüsur, çatışmazlıq və digər məsələlər yaranmaq üzrə olduqda məlumat birbaşa sistemlə ötürüləcək. Bütün məlumatların mərkəzləşmiş qaydada nəzarəti də təmin olunacaq. Bu sistemin tətbiq olunduğu qatarların vahid mərkəzdən birbaşa nəzarəti mümkün olacaq. Vaqonların özündə aparılacaq ən vacib tətbiqi yeniliklərdən biri də bu il ərzində həyata keçiriləcək. Bu, təkər cütlərinin qatar dayandırılmadan və çıxarılmadan həyata keçirilməsi prosesidir. Təkər yonma dəzgahı alınacaq. Bunun üçün xüsusi sex inşa olunur. Təkəryonma dəzgahı hərəkət edən qatarın həmin sahəyə daxil olaraq təkərlərinin yonulmasıdır. Sistemin fəaliyyəti avtomatik təmin olunacaq. Sonra qatar təlimat tələblərinə uyğun sınaq işlərindən sonra xəttə buraxılacaq.
Bakı Metropolitenində vaqonların təkərlərinin yonulması dövrü olaraq aparılan prosesdir. Çünki təkər rels üzərində hərəkət edir və dəmirlə dəmirin təmasında yeyilir. Bu o deməkdir ki, qatarın xüsusi təmir boksuna yönləndirilməsi, manevr işlərinin görülməsi aradan tamamilə qalxacaq. Təmir boksuna daxil olunan qatarın vaqonlara bölünmək şərti ilə onun qaldırılması, təkəryonma sahəsinə verilməsi, yonma prosesindən sonrakı işlər, vaqonun altına qoyulması, bütün ağır əmək tələb edən proseslərin hamısı aradan qalxmış olacaq. Bakı Metropolitenində sərnişin sıxlığı və qatarların gur saatlarda sayının artması çox əhəmiyyətli yenilikdir. Çünki vaqon parkının daim saz vəziyyətdə saxlanması ilə yanaşı, say baxımından da kifayət qədər sabit saxlanmasında xüsusi rol oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB