“İlin 365 günün ən uzun gecələri el arasında Çillə gecələridir. Bunlar həm də əslində Novruza qədərki üç ayı əhatə edir. Bir növ Novruza hazırlıqdır. Artıq yanvar ayının 31-dən fevralın 1-nə keçən gecə kiçik çillə daxil olur. Bu isə o deməkdir ki, 20 gün qış gecəsi daxil olur”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib.
Onun sözlərinə görə, xalqımızın adət-ənənələrinə və inancına görə kiçik çillənin cəmi 20 gün ömrü var: “Çillələr adından da bəlli olduğu kimi, çilə çəkmək, sıxıntı içində yaşamaq, çətinliklərlə üzləşmək deməkdir. Təsadüfi deyil ki, elə qışın bu çətinliklərini, əzab-əziyyətlərini dəf etmək üçün əcdadlarımız müəyyən ayinləri, mərasimləri yaratmışlar və onlar inanmışlar ki, bu ayin və mərasimləri icra etməklə hər əziyyətə, çiləyə sinə gərmək olar.
Qədimdən insanlar çillələri üç yerə qruplaşdırıblar. Böyük çillə, kiçik çillə, boz ay. Kiçik çillə böyük çillədən çox fərqlidir. Məsələn böyük çillə sakit, mülayim, insanlara ziyan vurmayandırsa kiçik çillə sərtdir, bəzən isə el arasında kiçik çillə daha amansızdır deyirlər. Yəni hava şəraiti müəyyən qədər tez-tez dəyişir. İnsanlar çıxılmaz vəziyyətdə qalırlar. Kiçik çillə həm də özü ilə müşküllük gətirir. Buna baxmayaraq kiçik çillənin gəlişində insanlar “qışı yarı etdik” deyə sevinirlər. Kiçik çillə el arasında "qışın oğlan çağı" adlanır. Kiçik çillə cəmi 20 gün - fevral ayının 1-dən başlayır. Kiçik çillə gecələrində qışın ilk ongünlüyündə türk xalqlarının folklorunda bolluq, firavanlıq etiqadları ilə bağlı yaranmış "Xıdır Nəbi" mərasiminin xüsusi yeri var. "Xıdır Nəbi" mərasiminin təqribən fevralın birinci on günlərində keçirilir. Təəssüf olsun ki, son dövürlərdə bu bayramı elə də önəmli keçirmirlər.
Xıdır xalqın şifahi yaddaşında müsbət, xeyirxah, insana uğur gətirən bir obraz kimi əks olunmuşdur. İnanca görə, "Xıdır Nəbi" mərasimi hər evdə, hər ailədə qeyd olunmalı, Xıdırın şərəfinə məclis qurulmalıdır. Evlərdə süfrələr açılmalıdır ki, Xıdır Nəbi o evə bolluq-bərəkət, sağlıq və hüzur gətirsin, İnanca görə hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini belə gecikdirəcək. İnanca görə üç il o evə ruzi gəlməz. Mərasimin əsas atributlarından biri qovutdur. Buğda qovrulub qovut çəkilir və süfrəyə qoyulur. Hətta Gürcüstanda yaşayan soydaşlarımız pambıqdan niyyət şamı düzəldirlər. Evdə neçə nəfər varsa hərənin adına uyğun, hətta mal-qaranın da adına şam düzəldib bayramın 3 cü günü yandırırlar. Süfrələr açırlar, hər kəs bu bayramı evində qarşılayır ki, o gün Xıdır onların evinə gələndə evi kimsəsiz görməsin.
Erkən etiqadlara görə, Xıdır əlini torpaga, buğdaya, qovuta çəkir, bununla da, özü ilə bolluq, bərəkət, xoşbəxtlik gətirir. Naxçıvan və Gürcüstanda yaşayan soydaşlarımız bu gün bunu qismən də olsa icra edirlər. "Xıdır Nəbi" mərasiminin digər atributları Su və Torpaqdır. Erkən etiqadlara görə Boz atlı Xıdır Nəbi torpağı, təbiəti ağ örpəyə bürüyür, onun atının dırnağı torpağa dəyəndə il boyu insanlar quraqlıqdan əziyyət çəkmir. İnanca görə, torpaq ölməsə, yenidən dirilməz. Qarlı, şaxtalı qış fəsli torpağı təmizləyir, bolluq, bərəkət, firavanlıq gətirir. "Xıdır Nəbi" mərasimi üç gün davam edir. Bu mərasim Novruzqabağı mərasimlərə daxildir.
Göründüyü kimi, qış fəslinin ayrı-ayrı mərhələlərini təşkil edən Böyük çillə, Kiçik çillə və Boz ay, Xıdır Əlləz bayramı təbiət hadisələrinə olan münasib, təbiət qüvvələrinə olan inamını əks etdirən amillərdəndir. Qış fəslinin son ayı isə Boz aydır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB