"Əvvəlki adı Sayrışan hallar nevrozu olan - obsessiv kompulsiv pozuntu yeniyetmələr və yetkin insanlar arasında geniş vüsət alıb". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, hətta təcrübəmdə obsessiyadan əziyyət çəkən uşaqlar da olub: "Obsessiya istəkdən kənar ağlımıza gələn düşüncələrdir. Kompulsiya isə bu düşüncələrdən rahatlaşmağımız üçün etdiyimiz hərəkətlərdir.
Obsessiyalar özlərini müxtəlif şəkildə göstərə bilər. Təmizlik obsessiyası olan insanlar dəqiqələrlə əllərini sabunlayır, saatlarla hamam otağından çölə çıxmır, düşünürlər ki, nə qədər suyun altında qalsalar, o qədər təmiz olacaqlar. Qapının dəstəyini tutmurlar. Qapıya, liftin düyməsinə salfetlə toxunurlar, əllə görüşmürlər.
Düzən obsessiyası olan insanlar isə xırda dağınıqlığı belə qəbul edə bilmirlər. Otağın divarındakı rəsm, xalça əyri qalıbsa, mütləq geri dönərək əyriliyi düzəldirlər. Bu insanlar bəzi hərəkətlərin edilib-edilməməsindən əmin olmaq üçün təkrarlayıcı yoxlama problemi də yaşayırlar. Qazı, suyu hər birimiz yoxlaya bilərik. Amma obsessiyası olan insanlar qazı, suyu bağladığından əmin olmaq üçün hətta 7-8 dəfə yoxlayırlar. Elə adamlar var ki, öz yaddaşlarına inanmadıqları üçün qazı, suyu, işığı bağladıqları yerdə videosunu çəkərək işdə həmin videonu izləyirlər. Bununla da əmin olurlar. Eyni zamanda gündəlik gördüyümüz işləri ucadan saymaq, yaxud yol gedərkən yoldakı ağ zolaqları saymaq kimi təkrarlı hərəkətlər obsessiyası olan insanlar da olur. Dini obsessiyalar da mövcuddur. Allah, Peyğəmbər haqqında insanın ağlına pis fikirlər, qeyri-etik ifadələr gəlir. Namaz qılanda səhv qıldığını düşünərək dəfələrlə yenidən başlayır".
O, sözlərinə əlavə edərək deyib ki, obsessiv kompulsiv pozuntu çox zaman demək olar ki, 60% ana irslə bağlı problemdir: "Hansısa travma sonrası obsessiya yarana bilər. Pandemiyadan sonra obsessiv kompulsiv pozuntu artmışdır. Bu pozuntu zamanı insan beynində xoşbəxtlik hormonu azalır. Çox zaman dərman müalicəsinə ehtiyac olur. Xoşbəxtlik hormonunu artıran antidepressantlar, psixoloq dəstəyi ilə bu problemdən azad olmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB