Evə soba alarkən mütləq bu qaydalara ƏMƏL EDİN - QURUM RƏSMİSİ XƏBƏRDARLIQ ETDİ

Evə soba alarkən mütləq bu qaydalara ƏMƏL EDİN - QURUM RƏSMİSİ XƏBƏRDARLIQ ETDİ

“Havaların soyuması və qış mövsümü ilə əlaqədar olaraq əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini yaradır”. Bu barədə SİA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

Qurum rəsmisi bildirib ki, dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir: "Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur: “Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

• qaz cihazı saz və standartlara uyğun olmalı;

• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir”.

T.Abbaslı qeyd edib ki, evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirilməlidir: “Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır”!

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə