"Qalib ölkənin qalib gənci olmaqdan qürur duyuram" - SORĞU

"Qalib ölkənin qalib gənci olmaqdan qürur duyuram" - SORĞU

Fevralın 2-si Azərbaycanda Gənclər günüdür. Bu gün 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qey olunub. SİA olaraq gənclər arasında “Dövlətin gənclərə qayğısı və gənclər siyasəti haqqında nə düşünürsünüz?” mövzusunda sorğu keçirdik.

Gənc Balakişiyev Süleyman: “Azərbaycan gənci olmağımla fəxr edirəm. Müharibə iştirakçısı olmuşam. Qalib ölkənin qalib vətəndaşı olmaqdan qürur duyuram. Məncə, hər bir insan ölkəsi, özü ilə fəxr etməlidir. Gənclər bir az passiv həyat tərzi yaşayırlar. Düzdür müasir dövrə ayaq uydururlar, heç kimin də həyatına qarışmaq düzgün deyil. Gənclər öz üzərlərində işləməli, təhsilə daha çox önəm verməlidirlər. Xarici ölkəyə gedib orada yaşamağı xəyal etməkdənsə, öz ölkəni işıqlandırıb gözəlləşdirməyə çalışmaq lazımdır. Arzuladığım odur ki, Azərbaycan gəncliyi idmana, sənətə, milli dəyərlərimizə daha çox üstünlük versinlər. Özlərini daha çox təkmilləşdirsinlər. Xaricə meyil etməyi yox, xarici ölkələrin bizə meyl etməsini istəyərəm. Ölkəmiz çox gözəldir, mədəniyyəti, tarixi ilə. Bunları qoruyub saxlamaq gənclərin əlindədir. Arzu edərdim ki, gənclərimiz milli dəyərlərimizə daha çox sahib çıxsınlar”.

Gənc Qardaş Məmmədli: “Dövlətin gənclərə qayğısını dəstəkləyirəm. Müxtəlif tədbirlər təşkil olunur. Hal-hazırda tələbə deyiləm, amma tələbə olanda müxtəlif tədbirlərdə iştirak etmişəm. Dövlətin təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmişəm: “Formula 1”, “Bakı-2017 İslam oyunları”, “Bakı-2015 Avropa oyunları”da könüllü olaraq iştirak etmişəm. Bu tədbirləri çox bəyənmişəm. Azərbaycan gəncliyindən çox razıyam. Gənc daima axtarışda və inkişafda olmalıdır. Azərbaycan gənlərindən 60-70% buna riayət edir. Digər 30% isə düzələcək, hər ölkədə olan şeydir”.

Gənc Gözəl Abışova: “Gənclər siyasəti yaxşıdır. Azərbaycan gənci ölkəsini düşünməli və yaradıcı olmalıdır. Tələbəyəm, hələ ki, layihələrdə iştirak etmirəm. Əminəm ki, gələcəkdə gənc kimi işə yarayacağam”.

Gənc Feyza Bolat: “Anam azərbaycanlı, atam Türkiyə türküdür. Azərbaycanda dünyaya gəlmişəm. Gənclər günündə olan layihələrdə iştirak etmişəm. Gənc hər fəaliyyətə qoşulmalı, mədəni olmalı, gəzməli, həm oxumalı, eyni zamanda da öyrənməlidir”.

Gənc Vasif Quluyev: “Dövlətin gənclərə qayğısı yüksək də olmasa, normaldır. Azərbaycan gəncliyi necə olmalıdırsa, elədir. Hər birimiz layiqli vətəndaş olmalıyıq. Kişi kimi vətənə xidmət etməliyik”.

Gənc Günel Yusifova: “Mən belə düşünürəm ki, son zamanlarda gənclərə kifayət qədər dəstək olunur, nəinki universitetlərdə, məktəblərdə də lazımi tədbirlər görülür. Azərbaycan gənci hərtərəfli olmalı, öyrənməli, üzərində işləməlidir. Gəncliyimiz bu yolda irəliləyir. Mən insan resursları üzrə mütəxəssisəm. İxtisasım üzrə də öyrənmək istəyirəm”.

Gənc Toğrul Hüseynli: “Dövlətin gənclərə qayğısı möhtəşəm və yaxşıdır. İdman yarışlarında iştirak etmişəm. Azərbaycan gənci nümunəvi olmalıdır. Nümunəvi gənclər var. Nümunəvi olmaq üçün təhsil sahəsində, idmanda dövlətimizi inkişaf etdirməlidir”.

Gənc Gülnaz Qəhrəmanova: “Gənclər siyasəti çox yaxşıdır. Gənclər təşkilatı var, Həmrəylik günündə gənclər üçün festival təşkil etmişdilər. Azərbaycan gənci vətənpərvər olmalıdır. 44 günlük müharibədə torpaqlarımızı azad etdik. Ona görə də, vətənpərvərlik hissi həmişə olmalıdır. Azərbaycan gənci həmişə seçilir. Könüllülərdə iştirak edirəm, Qayıdış könüllülərinə qoşulmuşam. İnşallah Qarabağda da gənclərin fəaliyyətləri olar”.

Gənc Rahim Əliyev: “Dövlətin qayğısı gözəldir, hər şey yaxşıdır. Gənc kimi şeirlər müsabiqəsində iştirak etmişəm, idman üzrə yerlər tutmuşam. Azərbaycan gənci indi təhsil almalıdır ki, gələcəkdə dövlətin inkişafına kömək olsun. İkinci qrup üzrə oxumaq və idmanda Azərbaycanı xarici ölkələrdə təmsil etmək istəyirəm”.

Gənc Vəfa Seyidbalayeva: “İnkişaf etmiş dövlətik. Dövlətimiz gənclər siyasəti üçün hər şey edir. Azərbaycan gənci çalışqan, ailəsinə, dövlətinə xeyirli övlad olmalıdır. Mən də çalışıram ki, məktəbdə, tədbirlərdə töhfələrimi verim”.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə