Təbii balı necə ayırd etməli? - EKSPERT AÇIQLADI

“Bal insan orqanizmi üçün bir çox faydaları olan qida məhsullarındandır. Xüsusilə də immun sisteminin gücləndirilməsi üçün və eyni zamanda bir çox xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Müxtəlif növ bitkilər və tərkibindəki qida elementlərinin zənginliyi ilə balın faydalarını saymaqla bitməz. Ona görə də demək olar ki, hər gün bal istifadə etmək olar. Bu barədə SİA-ya açıqlamasında qida mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, miqdarı keçməmək şərti ilə və günün birinci yarısında xüsusilə də səhər yeməyində bal qəbul etmək orqanizm üçün daha faydalıdır: “Eyni zamanda immun sistemini gücləndirməklə yanaşı iltihabi xəstəliklərin müalicəsi zamanı da baldan çox istifadə olunur. Bundan başqa bal ağız boşluğu, qida borusu, həzm sistemi üçün də çox faydalıdır”.

Ekspert qeyd edib ki, bütün sayılan faydalar təbii bal üçün nəzərdə tutulur: “Amma bu gün satışda saxta ballar da az deyil. Xüsusilə də daha tez gəlir əldə etmək üçün saxta balı təbii bal adı ilə satırlar ki, bunun da tərkibində həddən artıq çox siroblardan, şəkərdən istifadə olunur. Eyni zamanda rənginin alınması, bala bənzəməsi üçün kimyəvi qatqı maddələrindən də istifadə olunur. Bunları istifadə etdikdə insan orqanizminə kifayət qədər zərər verə bilər. Təbii balı saxta baldan seçmək üçün bir neçə üsul var. Təbii ki, ən yaxşı üsul laboratiya analizləridir. Amma başqa üsullar da var ki, bu üsullarla özümüz də evdə yoxlaya bilərik”.

M.Hüseynova bildirib ki, bu üsullardan birincisi yandırma üsuludur: “Kibritin yanan hissəsini bala batırıb yandırdıqda əgər yanırsa, bu təbii baldır. Eyni zamanda soyuducuda saxlayaraq dondurma üsulu ilə də yoxlaya bilərik. Əgər bal uzun müddət, xüsusilə də 15-20 gündən çox soyuducuda qalırsa və eyni zamanda ərinmiş yağa bənzər şəkildə donursa, bu təbii baldır. Əgər xarlamış şəkildə və donmadan altdan yuxarıya doğru qatılaşma gedirsə bu saxta baldır. Digər bir məqam isə balı taxta qaşıqla yuxarıya doğru çəkdikdə uzun müddət axırsa bu təbii baldır, kəsik-kəsik axırsa və dərhal kəsilirsə bu saxta baldır. Su ilə də yoxlama üsulu var ki, çox isti olmayan ilıq suyun içində bir çay qaşığı balı qoyuruq. Əgər bal ərimədən olduğu ərimədən olduğu kimi qalırsa təbii baldır, dərhal əriməyə başlayırsa bu saxta baldır. Eyni zamanda şəffaf şüşə qabın içində az miqdarda suya balı qoyub əridirik. Balın ərinmiş hissəsi şana bənzər eyni formalı fiqur alırsa bu təbii baldır. Əgər tamamilə əriyib heç bir forma almırsa bu saxta baldır. Təbii ki, bu cür üsullar qədim zamanlardan bu günə qədər gəldiyi və sınandığı üçün hesab olunur. Bundan başqa isə dadına baxmaqla da balın saxta yaxud təbii olduğunu seçə bilərik. Dadına baxdıqda ağzımızda xoşagələn dad verirsə bu təbii baldır, əgər əvvəlcə şirin 15-20 saniyədən sonra acı dad hiss ediriksə bu saxta baldır. Bunlara diqqət etmək tövsiyə olunur”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə