“Qatarların qapılarında son illərdə nasazlıqların sayı kifayət qədər azalıb“ - QURUM RƏSMİSİ AÇIQLADI
“Qatarların hərəkəti zamanla dəyişir. Yəni, müasir texnologiyalar gəlir və o texnologiyalara uyğun olaraq hər bir qatarda müəyyən dəyişikliklər aparılır. Bu dəyişikliklər qatarın konstruksiyasına aid edilmir, əsasən idarəetmə sistemləri, qatarların təhlükəsizliyi, etibarlılığının uzunömürlülüyünün artırılmasına yönəlmiş tədbirlər olur”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu gün Bakı Metropolitenində 10 il əvvəllə müqayisədə sərnişin sıxlığı artmaqdadır: “Bakı Metropoliteni təxminən 2000-ci illərin ilk 10 illiyində qatarların hərəkətində sürətin avtomatik tənzimlənməsi sisteminə keçib. Bu qatarların idarəedilməsinin tək maşinist prinsipi ilə aparılmasını təmin edib. Bundan öncə isə qatarları mütləq maşınist və köməkçisi olmaqla iki nəfər idarə edirdi. Müasir sistemlər isə artıq tək maşınist idarəetmə mümkünlüyünü ortaya qoyub. Belə prinsipə keçilməsinin ikinci vacib üstünlüyü isə bu gün Bakı Metropolitenində texniki cəhətdən mümkün olan ən minimal intervalların məhz sürətin avtomatik tənzimlənməsi sisteminin tədbiqindən sonra mümkün olmasıdır. Bu təkmilləşmələr davamlı olaraq hazırda da müxtəlif istiqamətlərdə aparılır. Məsələn, qatarlar Bakı Metropolitenində artıq yerli şəraitdə orta və əsaslı təmir olunur və bu zaman qatarlarda müəyyən modernləşdirmə tədbirləri aparılır.
Qatarların qapılarında son illərdə nasazlıqların sayı kifayət qədər azalıb. Bunun əsas səbəbi müasir qatarlarda tətbiq olunan sistemlərin artıq Bakı Metropoliteninin əvvəlki nəsil qatarlarında da tətbiq olunması ilə bağlıdır. Bu hələ sadəcə sərnişinlərin görüb, hiss edə biləcəyi yeniliklərdir.
Qatarların idarə edilməsində ikinci vacib məsələ metropoliten tunellərində quraşdırılan hərəkətin təşkilini təmin sistemlər və avadanlıqlarla bağlıdır. Bu istiqamətdə də Bakı Metropolitenində davamlı olaraq yeniliklər tətbiq olunur. Sürət hədlərinə yenidən baxılması tənzimlənir, müxtəlif sahələrdə qatarların hərəkətinin təhlükəsiz və optimallaşdırılması kimi sistemlər müasir dövrün tələblərinə uyğun şəkildə qurulmaqla tətbiq olunur.
Buna ən bariz nümunə kimi Bakı Metropaliteni Nərimanov elektrik deposunu qeyd edə bilərik. Artıq orada bizim bənövşəyi xəttimizdə quraşdıralan sistemlər ox sayğacı adlandırılan bir sistemin bazasında hərəkətin təşkili prinsiplərinin təmin edilməsidir. Bu ilk növbədə bizə kifayət qədər çoxsaylı elektromexaniki qurğuların sayının azaldılmasına, eyni zamanda qatarların nəzarət sisteminin daha da gücləndirilməsinə gətirib çıxarır. Bundan əlavə olaraq bu avadanlıqların qulluğu daha sadədir, rahatdır, təhlükəsizdir.
Həmçinin hazırda Bakı Metropolitenində artıq bir yeniliyin də sonuncu mərhələsidir. İki il öncə məlumat vermişdik ki, 5 mərhələdən ibarət işlərin 1- ci, 2-ci, 3-cü mərhələləri həmin dövrdə başa çatdırılıb. Onun ən vacib proqram təminat hissəsi də artıq başa çatd. Bu, qatarların qət etdiyi məsafənin avtomatik ölçülməsi və təmir prosesinin avtomatlaşdırılmasına hesablanmış proqram təminatıdır. Bununla bağlı istər tunellərdə, istərsə də qatarlarda kifayət qədər böyük işlər görülüb. Bu proses rəqəmsallaşmaya keçidin bir mərhələsidir. Bunların hər biri qatarların idarəsində xüsusi rol oynayır.
Təxminən 10-15 il əvvəl qatardan istifadə edərkən qatarlardan taqqıltı səsi eşidilirdi, hazırda isə bu səslər əsaslı şəkildə azalıb. Bunların hər biri reyslərin qulluğu, baxışı, təmir proseslərinin nəticəsidir.
Ən vacib məsələlərdən biri 2015-ci ildən Bakı metropolitenində unikal diaqnostika kompleksinin istifadəyə verilməsidir. Bu diaqnostika kompleksi ay ərzində 2 dəfə xətlərə çıxır. O artıq 100-dən çox ölçmə meyarı üzrə 40 dan çox parametr nəticələrini avtomatik olaraq hesablayır, bu nəticələr sahələrə verilir. Bakı Metropoliteni yollarının bütün infrastrukturunda olan nöqsanlar, qüsurlar yaxud da görüləcək qabaqlayıcı tədbirlərin hər biri barədə əldə olunan məlumatlar əsasında yolların rəvanlığı təmin olunur. Təbii ki, etibarlılıq və təhlükəsizlik bu mənada ən vacib məsələdir. Diaqnostika kompleksi istifadəyə verildikdən sonra cəmi 2 il ərzində Bakı Metropolitenində həmin parametrlər üzrə bu gün ən yüksək səviyyədə bizim qeyri-kafi adlandırdığımız nüansların olmamasına gətirib çıxarıb. Artıq neçə illərdir ki, Bakı Metropolitenində ən kiçik nöqsanlar belə bu diaqnostika kompleksi, eyni zamanda alınmış operativ ölçmə vasitələri ilə hər gecə yoxlanılaraq ən cüzi nöqsanlar belə operativ şəkildə üzə çıxarılır və aradan qaldırılır. Məhz bu səbəbdən Bakı Metropolitenində hərəkətin təhlükəsizliyi, təşkili və idarəedilməsi sistemlərində biz ən optimal nəticələrdən danışırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB