"Çıxış yolu tolerant münasibət və qarşılıqlı anlaşmadır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Çıxış yolu tolerant münasibət və qarşılıqlı anlaşmadır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Milli-mənəvi dəyərlər sistemi və onun tərkib hissələri bir millətin milli kimliyinin, varlığının formalaşmasını şərtləndirən əsas amillərdir". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

Sosioloq bildirib ki, milli-mənəvi dəyərlər sistemi dedikdə xalqın dili, mədəniyyəti, adət-ənənələri, sadiq qaldığı dini dəyərlər sistemini formalaşdıran amillər nəzərdə tutulur: "Bir sözlə, milli-mənəvi dəyərlər xalqın milli kimliyini formalaşdırır. Din, mədəniyyət, adət-ənənə, dini inancdan gələn əxlaqi dəyərlər sistemi bütövlükdə bir xalqın, toplumun milli xarakterini formalaşdırır. Müasir dövrə gəlincə neçə on illərdir ki, dünyada qloballaşma prosesini müşahidə edirik. Qloballaşma istər-istəməz milli-mənəvi dəyərlərə təsirsiz ötüşmür. Əsasən, qərb dəyərlərinin bütün dünya miqyasında yayılmasını, dominantlığını diktə edən qlobalizm kimi ortaya çıxır. Qloballaşma prosesinin nəticəsində müxtəlif xalqların, o cümlədən Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi müəyyən təsirlərə məruz qalır. Gəncliyin tədricən milli-mənəvi dəyərlərə münasibətinin dəyişməsi, xalqın uzun illər formalaşmiş adət-ənənələrə münasibətinin gənclik tərəfindən qəbul edilməməsi, uzaqlaşmasında gənclik müəyyən qədər haqlıdır. Dünya inkişaf etdikcə dəyərlər sistemi də dəyişir. Gənclərdən qəti şəkildə tələb edə bilmərik ki, onlar mütləq ata-babalarının yaşadığı kimi yaşasınlar, onların ictimai həyatını olduğu kimi təkrar etsinlər. Bu, mümkün olan proses deyil. Çünki cəmiyyət həyatında daimi yenilənmə prosesi müşahidə olunur və durmadan davam edir. Hətta müasir informasiya cəmiyyəti şəraitində modernləşmə daha da sürətli formada inkişaf edir.

Milli-mənəvi dəyərlərdən danışırıqsa, birinci, öz ana dilimizdən, milli mədəniyyətimizdən bəhs etməliyik. Azərbaycan gəncliyinin ana dilinə münasibəti necədir? O, bu dilin dəyərini, verdiyi imkanlardan necə faydalanır? Öz dilində səlis danışa bilirmi? Ümumiyyətlə, dilini sevirmi? Bunlar çox ciddi məsələlərdir. Sovet dövründən bizə miras qalmış rusdilli məktəblərin mövcudluğu cəmiyyət daxilində, xüsusilə, Bakı şəhərində Azərbaycan gəncliyi arasında ikitirəlik yaradıb. Universitet, orta məktəblər, yaşadığımız ərazidə bir məhəllə içində Azərbaycan dili, rus dili bölmələrində oxuyan uşaq, yeniyetmə, gənclərin fərqli mühitlərdə yer aldıqlarını görürük. Burada gənclərin də günahı yoxdur. Nə üçün 30 ildən artıqdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edib, amma rusdilli məktəblər hələ də qalmaqdadır?
Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, Azərbaycan mədəniyyətində həm şərq, qərb dəyərləri, həm də İslam dəyərləri vardır. Azərbaycan mədəniyyətinin əsas özəlliyi burdadır. Buna görə də Azərbaycan gəncləri arasında İslam, dini dəyərlərə sadiq olan gənclik kontingentini də görə bilirik. Eyni zamanda qərb dəyərlərinə sadiq, ənənəvi Azərbaycan mədəniyyətinə sadiq gəncləri də görmək olur. Bu, normaldır, cəmiyyət monoton ola bilməz. Amma nə qədər yeni ideyalar ortaya çıxsa da, bir xalqın milli mövcudluğunun daimi qorunması üçün onun baza dəyərlərinə əbədi sadiq olması lazımdır. Məsələn, uzaq şərq ölkələri Yaponiya və Çindən qərb ölkələrinə mühacirət edib Amerikada məskunlaşan çinlilər var. Xalqın milli-mənəvi dəyərlərinə bağlılığı elə yüksək səviyyədədir ki, Kanada və Amerikada çinlilərin yaşadığı bölgələrdə "China Town" adlı məskunlaşma sahələri var. Həmin şəhərə getdikdə "kiçik Çin" görürsən. Mən istəyərdim ki, Azərbaycan gəncləri də ölkəmizdə, xarici ölkələrdə yaşadıqları zaman azərbaycanlı milli identikliyini qoruyub saxlasınlar. İdentiktik kodları vardır. Onlar ortadan çıxınca sənin milli kimliyin şübhə altına düşür. Arzu edərdim ki, Azərbaycan gəncləri həmişə öz mənəvi dəyərlərinə sadiq olsunlar".

"Cəmiyyət elə sistemdir ki, fərqli dəyərlər sistemi, müxtəlif adət-ənənələr ola bilir. Hətta müxtəlif dillərin yanaşı işlədiyi ölkələr belə mövcuddur. Bütün hallarda cəmiyyət daxilində harmoniya yaradacaq mühit olmalıdır. Fərdlər qarşılıqlı şəkildə davranışlarına dözümlü, tolerant olmalıdırlar. Biz Azərbaycan gəncləri arasında modernist qərb dünyagörüşlü gənclərə münasibətdə də dözümlü olub, öz milli-mənəvi dəyərlərini həmişə qorumağı tövsiyə etməliyik. Digər tərəfdən də dini dünyagörüşlü gənclərə də tolerant münasibət göstərməliyik. Cəmiyyət, xalq, ölkə bunlardan fayda götürür. Cəmiyyət qarşılıqlı anlaşma şəraitində mövcudluğunu davam etdirir.

Cəmiyyətdə sosial fakltar həmişə var. Gənc fərdlər doğulduğu zaman ölkəsində hazır mövcud olan dəyərlər sistemi olur. Həmin dəyərlər o gəncin iradəsindən asılı olmayaraq ona təsir edir. İkinci baxışda isə, müasir gənclər baxmayaraq ki, cəmiyyətdə oturuşmuş dəyərlər sistemi var, gənc dünyagörüşünə uyğun olaraq özünü həmin sistemin içində tapa bilmir. Gənc məsələyə fərdi yanaşaraq özü üçün doğru dəyərlər sistemi müəyyənləşdirir. Fərdi mövqe də inkar oluna bilməz. Yekun olaraq çıxış yolu tolerant münasibət və qarşılıqlı anlaşmadır. Belə halda nümunəvi cəmiyyət görə bilərik. Əks hallar radikal davranışlara gətirib çıxara bilər" - deyə A.Həsənov əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə