Uşaqlarda yaranan qorxu hissinin səbəbləri nələrdir ? - PSİXOLOQ DANIŞDI
“Qorxunun uşaq psixologiyasına əlbəttə ki, təsiri böyükdür. Uşaqda travmalar yaradır, bu travmalar isə gələcəkdə fobiya, təşviş pozuntusu, kəkələmə, panik atak, təzyiq kimi digər psixoloji xəstəliklərə gətirib çıxarda bilər”. Bu sözləri açıqlamasında SİA-ya psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, bundan əlavə qorxu uşaqlarda diqqət pozuntusuna, nevroza, şəkərə gətirib çıxarda bilər:
”Uşaqlıq qorxularının əsas səbəbi yaşanan travmatik vəziyyətdir. Məsələn, bir uşağı it dişləyirsə, gələcəkdə itlərdən qorxması ehtimalı yüksəkdir. Valideynlər körpəni nağıl personajları ilə qorxudaraq, öz məqsədlərinə çatmağa çalışırlarsa, uşaq tək və ya qaranlıqda qalmaqdan qorxa bilər.
Valideynlər tez-tez belə ifadələr işlədir: “Ehtiyatlı ol, yıxılarsan, ayağını sındırarsan". Bu cür ifadələrdən uşaq yalnız ikinci hissəni qavrayır. Hələ də nə üçün xəbərdar edildiyini tam başa düşməyərək, uşaq davamlı qorxulara çevrilə bilən narahatlıq hissi ilə dolur. Ailədə müxtəlif konfliktlər və müzakirə olunan hadisələr uşaqların diqqətindən kənarda qalmır, bu da qorxu hissinə əsas yaradır.
Aradan qaldırılmayan qorxular həmyaşıdlarla ünsiyyət qura bilməmək, aqressivlik, sosial uyğunlaşmanın olmaması, nevroz və komplekslər kimi mənfi nəticələrə səbəb ola bilər. Uşağa kömək etməyin ilk addımı qorxunu müəyyənləşdirməkdir. Valideyn uşağın qorxuları barədə çox yumşaq, rahatlıqla, heç birinin üzərinə diqqət yönəltməyərək soruşa bilər. Qorxu hallarını müəyyən etdiyiniz zaman, sakit reaksiya verin, çünki uşaq sizin emosional vəziyyətinizi oxuyur. Qorxu anında uşaqdan hansı orqanının narahatlıq keçirdiniyini soruşun, daha sonra birlikdə rahat və dərindən nəfəs alın, narahatlıq keçirən bədən üzvlərinin necə sakitləşdiyini təsəvvürünüzdə canlandırın”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə