İdman, yoxsa fiziki işgəncə - ÇARƏ NƏDİR? - RƏYLƏR

İdman, yoxsa fiziki işgəncə - ÇARƏ NƏDİR? - RƏYLƏR

Bir neçə gün əvvəl Azərbaycanda idmançı Elvin Səfərovun məşq zamanı uşaqlarla davranışını əks etdirən görüntülər yayılandan sonra ciddi müzakirələrə səbəb oldu. Belə ki, o, idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirib. Bu zərbələrdən yayınmaq istəyənlərə isə qapaz vurub. Məşqə gələn uşaqların reaksiyalarından da hiss olunub ki, onlar bu zərbələrdən əziyyət çəkirlər.

Bəs peşəkar məşqçi necə olmalıdır?

SİA mövzu ilə bağlı idman ustalarının fikirlərini alıb.

Kikboksinq üzrə Dünya və Avropa çempionu, Azərbaycan Respublikasının “əməkdar idman ustası”, Azərbaycan Türkiyə qardaşlıq ödül gecəsində “ilin idmançısı”, sərhədçi zabiti, mayor Fuad Zeynalov bildirib ki, burada günah valideynlərdə görülməlidir: "Çünki valideynlər uşağı hansısa məşqçiyə əmanət edəndə məşqçi haqqında maraqlanmırlar. Məşqçi haqqında maraqlanmaq, vikipediasına, həyat tərzinə, nailiyyətlərinə, təhsilinə baxmaq lazımdır. Hərə zirzəmidə bir zal açır və heç bir nailiyyəti yoxdur, həyat tərzi, davranışı isə sıfırdır. Əlbəttə ki, elə qeyri-peşəkar adamlar qeyri-etik də davranacaq, kobud hərəkət də edəcək, uşağa həm mənəvi, həm də fiziki tramva da verəcəklər. Ona görə də uşaqları ilk növbədə rəsmi zallara qoysunlar. Bu zalların hamısı nəzarətdədir, hər yerdə kamera var. Burada dərs keçən məşqçilər araşdırılır, sonra işə götürülür. Onların hamısı ali təhsilli, yüksək nəticələri olan idmançılardır. Belə qurumlara, tanınmış, savadlı məşqçilərə uşaqları həvalə etmək lazımdır. Hər yoldan keçənə uşaq əmanət etmək olmaz. Əlbəttə ki, o zaman belə xoşagəlməz hallar baş verir”.

Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımovun sözlərinə görə, məşqçi ilə müəllim hər zaman fərqlənir: "Bəzən elə ideya irəli sürürlər ki, məşqçilər ali təhsilli olmalı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirməlidir. Bu da düzgün deyil, çünki institutu bitirən yüzlərcə insan var ki, ümumiyyətlə idmandan anlayışı yoxdur. Balı çatmadığı üçün bu institutu oxuyur. Düzdür son iki ildə ixisas imtahanları cəlb ediblər. Məşqçilik və müəllimlik birlikdə ikinci valideynlik kimidir. Çətin tərbiyə olunan uşaqlar var ki, valideynin sözünü eşitmir, məşqçinin sözünü eşidir. Tələbələri ilə qeyri-etik, ədəbsiz, kobud davranan məşqçilərə münasibətimiz çox pisdir. Xüsusən oğlan uşaqları məşqçiləri özlərinə kumir görürlər. Ona görə də məşqçilər hansı yolu getsə uşaqlar o yolu getməyə çalışır. Xüsusən də uşaqlıqdan idmanla məşğul olanlar. Məşqçi siqaret çəkirsə uşaq da çəkir, söyüş söyürsə o da söyür, kobud davranırsa o da davranır. Məşqçi nə qədər mədəni, mərifətli, olsa uşaq da bir o qədər yaxşı yetişir. Düzdür məşqçilərdə bir balaca sərtlikdə olmalıdır, çünki uşaq tərbiyə edirlər. Xanımlar da məşq edir, amma kişilərə bir balaca sərt davranmalısan ki, onlar da həyatda lazım olduqda sərt ola bilsinlər. Amma bu o demək deyil ki, uşaqları əzməlisən, döyməlisən, yaxud hansısa qeyri-etik davranışlara məruz qoymalısan”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə