Dəb, yoxsa xəstəlik? - GEYİMLƏR - EKSPERT FAKTLARI AÇIQLADI

Dəb, yoxsa xəstəlik? - GEYİMLƏR - EKSPERT FAKTLARI AÇIQLADI

"Sintetik geyimlərin insana zərəri barədə ciddi elmi araşdırmalar yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Sədr bildirib ki, yalnız alt paltarları barədə deyilir, dəridə sürtünmə, xəstəlik əmələ gətirə bilər: "Məsləhət olunur ki, həmişə alt geyimləri, xüsusilə, uşaqlar üçün pambıqdan olsun. Sintetik geyimlərə ona görə böyük maraq var ki, sintetik geyimlər öz formasını yaxşı saxlayır, az əzilir. Bəzi sintetik geyimlər var ki, illərlə ütüləməsən də formada qalır. Qiymətləri də ucuzdur. Ümumiyyətlə, insanlar, istehlakçılar dəbə uyğun tikilmiş mala üstünlük verirlər. Onun tərkibinə o qədər də fikir vermirlər".

"Bəzi sintetik geyimlər rəng verirsə, belə geyimləri almaqdan uzaq durmaq lazımdır. Geyim alan zaman şübhələndikdə ağ tənzifi suya batırıb parçanı sürtmək lazımdır. Əgər rəng çıxırsa, belə geyimi almaq lazım deyil. Sintetik geyimlərin insanda elektrik potensialı yaratmaq barədə fikirlər var. Bu, doğrudur. Lakin elektrik potensialının insana nə dərəcədə zərəri var, bu barədə ciddi elmi araşdırmalar yoxdur. Sadəcə müəyyən fikirlər var. Onun üçün sintetik geyimlər getdikcə həyatımıza daxil olur. Təsadüfi deyil ki, yun Azərbaycanda ən ucuz xammal hesab olunur. Əhalinin əlində külli miqdarda yun var və onu alan yoxdur. Vaxtı ilə yun geyimlərə üstünlük verirdilər. Hamısı zəmanəmizin tələbindən irəli gələn vəziyyətdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə