“Etanol olaraq tanınan etil spirti alkoqollu içkilərdə istifadə olunur. Metil spirt isə etil spirtinə rəng, qoxu baxımından çox bənzəyir”. Bu barədə SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.
Onun sözlərinə görə, etanol və metil spirti ilk baxışda ayırd etmək çox çətindir: “Metanol olaraq tanınan metil spirti bütün bu bənzərliklərinə baxmayaraq etil spirtindən çox təhlükəlidir. Metil spirti rəngsiz, uçucu və zəhərli mayedir. Kimya sənayesində istifadə olunur. Xüsusilə, rəng çıxarıcı, antifriz, şüşə təmizləyici və bir çox məhsulların istehsalında istifadə olunur.
Ekspert bildirib ki, metil spirtinin hər hansı bir qida məhsulunun istehsalında istifadə olunması qadağandır: “Kustar üsulla saxta içkilərin hazırlanmasında metil spirtindən istifadə olunur, həm də metil spirti ucuzdur. Az miqdarda metil spirti insan sağlamlığına zərər verə bilər. Bunlar görmə zəifliyi, zəhərlənmə, başağrısı, başgicəllənməsi, huşun itirilməsi, bulantı və mərkəzi sinir sistemi narahatlığıdır”.
A.Vəliyev qeyd edib ki, bu spirtin bir çox hallarda ölümə də səbəb olduğu bilinir: “12-14 saat arasında təsirini göstərməyə başlayır. Metil spirti qatılaraq hazırlanan kustar üsulla spirtli içki qiymət baxımından da nisbətən ucuz olur. Etil spirti ilə metil spirti arasındakı fərqi anlamağın ən yaxşı üsulu laboratoriyada aparılan analizlərdir. Marketlərdən və digər satış məntəqələrindən spirtli içki alarkən qablaşdırmaya, etiket məlumatlarına diqqət olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB