"Mənəvi sağlamlıq üçün "yox" deməyi bacarmalıyıq" - PSİXOLOQ FİKİR BİLDİRDİ

"Mənəvi sağlamlıq üçün "yox" deməyi bacarmalıyıq" - PSİXOLOQ FİKİR BİLDİRDİ

"Elmdə də təsdiq olunub ki, insanın psixoloji immuniteti qaydasında olanda fizioloji immunitetinə də müsbət təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, insanın xəstəliklərinin əsas səbəbi psixoloji problemlərdən qaynaqlanır: "Təbii ki, insanın əhval-ruhiyyəsi hər zaman yaxşı ola bilməz və bu, normaldır. Ara- sıra belə dəyişikliklər ola bilir. Əgər əhval-ruhiyyə davamlı olaraq, gün ərzində tez-tez dəyişilirsə, bir mütəxəssisdən psixoloji dəstək alınmalıdır.

Alfred Adler insanın psixikasını incə bir sapla müqayisə edir. Görün insanın psixikası necə həssasdır. İnsan mənəvi sağlamlığını qorumaq üçün qarşısındakı insana, "yox deməyi'' bacarmalıdır. Kimisə məmnun etmək üçün məcbur nəyisə etməməlidir. Çünki bu vəziyyət insanı zamanla tükəndirə bilər. Eyni zamanda, toksik (zəhərli) insanlardan uzaq qalmalıyıq.Toksik insanlar bizi sözləri və davranışlarıyla manipulyasiya edirlər. Öz uğursuzluqlarından travma alaraq bizi də həvəsdən salan, "sən edə bilməzsən, bacarmazsan" deyib özgüvənimizi zədələyən insanlar toksik insanlardır. Əgər ətrafımızda belə insanlar varsa onlardan uzaqlaşmaq ən doğru seçim olacaq".

"Müasir insanın həyatı streslə doludur. Çünki informasiya bolluğu, eyni zamanda, sosial şəbəkələrdə detallı olaraq onların yerləşdirilməsi də insanların psixoloji durumuna təsirsiz ötüşmür. Odur ki, insanlar, xüsusən də, həyəcan təşvişi yüksək olan insanlar neqativ xəbərləri oxumadan üzərindən keçə bilsələr, psixoloji immunitetlərini qorumuş olarlar", - deyə psixoloq əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə