"Gənclər siyasəti dövlətin daxili siyasətinin başlıca istiqamətlərindəndir" - SORĞU
İlham Əliyevin 20 illik fəaliyyəti müddətində gördüyü işlər və bu fonda Azərbaycanın, bütün sahələrdə inkişafının şahidi oluruq. Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib, gənclərin məşğulluğunu, sosial müdafiəsinin təmin olunmasını stimullaşdırıb. SİA olaraq "İlham Əliyevin 20 illik fəaliyyətini, onun gənclər siyasətini necə qiymətləndirirsiniz?" mövzusunda tələbə gənclərə sual verdik.

Tələbə Gülbəniz Səfərova: "İlham Əliyevin gənclərlə olan siyasətini yüksək qiymətləndirirəm. Son vaxtlarda gənclərin vətənpərvərlik və mədəni duyğularını inkişaf etdirmək üçün könüllülük çərçivəsində müxtəlif tədbirlər təşkil olunur. Həmçinin onların praktik biliklərini daha da inkişaf etdirmək məqsədilə proqramlar, layihələr təşkil olunur ki, bu layihələrdə onların iştirakı üçün şərait yaradılır. Peşakar gənclərin də onlara qaranlıq qalan sualları işıqlandırmaq üçün nazirlik səviyyəsində brifinqlərdə iştirakı üçün şərait yaradılır. Hər bir Azərbaycan gənci dövlətin dəstəyi ilə hər hansı əsər yazıb çap edə bilər. Maddə 10-da da gənclərin hüquqlarını müdafiə edən qanunlar öz əksini tapıb. Bir gənc tələbə olaraq onu deyə bilərəm ki, son dövrlərdə təqaüdlərin də artmasının şahidi oluruq".

Tələbə Çinarə Muradova: "Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət artıq bütün dünyaya, eləcə də dünyanın hegomon dövlətlərinə məlumdur. Sözügedən siyasət nəticəsində 30 il işğal altında qalmış torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik. Bu zəfəri qazanmaq üçün birlik, əzm, iradə xalqımızın canında, qanında var idi. Əlbəttə, bu birliyi, şücaəti bir araya gətirmək böyük məharət tələb edirdi. Bu məharətli addımı Cənab İlham Əliyev uğurlu siyasət yürüdərək atdı. Xalqımız bu siyasətin altında bir oldu, bu gücü, cəsarəti bütün dünyaya bəyan etdi. Şəhidlərimiz canlarını, qazilərimiz sağlamlıqlarını qurban verərək torpaqlarımızı işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.
Cənab İlham Əliyev yalnız hərbi cəhətdən deyil, eləcə də sosial, iqtisadi, təhsil və s. hər sahədə öz siyasətini bilavasitə xalqa bəyan edir. Biz gənclər olaraq, diqqətimizdən yayınmayan mövzu bizə dövlət tərəfindən göstərilən qayğıdır.
Ulu öndər Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu düşüncə həmişə azərbaycançılıq əsasında formalaşdırılıb. Gənclər siyasəti dövlətin daxili siyasətinin başlıca istiqamətlərindən olub. 2 fevral 1994-cü ildən bəri hər il Azərbaycanda "Gənclər Günü" kimi qeyd olunur. Bu da gənclərə göstərilən diqqətin başlıca nümunəsidir".

Tələbə Ziyafət Əlisoy: "Azərbaycanda gənclər siyasətinin əsası 1994-cü ildə Heydər Əliyev tərəfindən qoyulub. 1997-ci ildə Gənclər Gününün təsis edilməsi planlaşdırılıb, illərdir ki, davam edir. Bu, gənclər üçün stimul idi. İllər ərzində hər il Gənclər Günündə müxtəlif gənclərin mükafatlandırılması, onların təltif olunması və sair uğurlu siyasətin nəticəsidir. Əsas məsələ təhsildir. Azərbaycan gəncliyi hazırda dünyanın təhsilli gəncləri sırasındadır. Ümid edirəm ki, bu siyasət, gənclərə iş, təhsil mühitinin yaradılması uğurlu şəkildə davam edəcək. Biz buna əminik, inanırıq və bunun üçün çalışırıq".

Tələbə Heydərli Elmir: "Azərbaycan Respublikasında gənclər siyasətinin öndə tutulması əsas istiqamətlərdən biridir. Gənclərin diqqətdə saxlanılması ən aktual məsələlərdən biridir. Müstəqillik dövründən başlayaraq, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra gənclərə diqqət və qayğı artırıldı. Öz aktivliyi, fəallığı ilə fərqlənən gənclərə prezident təqaüdü təsis edildi. Daha sonra cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra bu siyasət daha da inkişaf etdirildi. Əsas hədəflərdən biri də odur ki, vəzifəsindən asılı olmayaraq dövlətə, xalqına faydalı ola biləcək gənclərin üzə çıxarılması və kadr kimi onlara dəyər verilməsini bariz nümunə kimi göstərə bilərik. Gələcək dövrlər üçün gənclər siyasəti daha da inkişaf etdiriləcək".

Tələbə Seymur Bənnayev: "Gənclərlə bağlı çox uğurlu siyasət aparılır. Elə bir sahə yoxdur ki, orada cüzi də olsa, inkişaf getməsin. Bütün sahələrdə sürətlə inkişaf gedir. Yaxşı olar ki, inkişafa paralel gedək. Ölkənin gələcəyi gənclərdən asılıdır. Yeni müstəqil olmuş ölkə gəncləri özünə təməl kimi görməlidir. Dəstək göstərilsə də, kifayət qədər olmadığını düşünürəm. Digər ölkələrin təhsil sistemini özümüzə tətbiq etmək düzgün deyil. Təhsilin ödənişli olmasına razı deyiləm. Həm özüm üçün, həm də dövlətim üçün təhsil alıram. Dövlətin mənafeyindən çıxış edib, onu təmsil edəcəyəm. Mən ödənişli təhsil almasam da, ödənişli oxuyanlar kifayət qədər çoxdur. Təhsildə ödəniş ləğv olunub qəbul şərtləri çətinləşsə, sadəcə savadlı insanlar təhsilə maraq göstərər. Bu daha uğurlu olar".

Tələbə Ceyhun Vaqifli: "Gənclər siyasəti gənclərin siyasi proseslərə olan inteqrasiyası kimi götürülür. Bu, qabiliyyətli, istedadlı, vətənpərvər gənclərin bilik, qabiliyyətinin cəmiyyətin inkişaf sahələrində tətbiqini təmin edən tədbirlər sistemidir. Ulu öndər Heydər Əliyev həmişə bu sözləri deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu düşüncə həmişə Azərbaycançılıq əsasında formalaşıb. Gənclər siyasəti dövlətin daxili siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycan Respublikası prezidentinin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması dövlət siyasətində gənclərin daha fəal iştirakını təmin edilməsində hüquqi sənəd olub. Bu qurum dövlət siyasətinin aparıcı qüvvəsinə çevrildi. İlham Əliyevin bu siyasəti davam etdirməsi göz önündədir. Onun gənclərə olan qayğısı hər zaman diqqətimizi cəlb edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB