"Televiziyalarımızın əksəriyyəti pula işləyir" - ŞAİR-PUBLİSİST İRAD BİLDİRDİ
"İndi hər kəs sosial şəbəkədə hesab açıb yazılarını paylaşır, özünü şair adlandırır. Bəs əsl şair necə olmalıdır? Bir şair özündə hansı xüsusiyyətləri daşımalıdır? SİA mövzu ilə bağlı şair-publisist İlham Qəhrəmanın fikrini alıb
"Həqiqətən Azərbaycana aid hansı sosial şəbəkə məkanına daxil olursan ya şeir mətni ilə, ya şeir videosu ilə (səsləndirmə) qarşılaşırsan. Amma şeir adına paylaşılan bu mətnlər, səsləndirmələr hamısı şeirdirmi? Onların hamısı şairlə müqəddəs ilham pərisinin təmasındanmı doğulub? Bir mənalı olaraq paylaşılan mətnlərin çoxunun sənətə, şeirə dəxli yoxdur. Hətta şeirin ibtidai texnikasını, müəyyən ədəbi qaydalarını bilməyənlər qələmə sarılıb. Sanki sosial şəbəkələrdə yarış gedir – Gülçöhrə şeir paylaşıb bəyəndim yığıb, mən dala qaldım. Ən pisi də odur ki, bu mətnlərin altında şərh yazanlar bu cızma-qaraların müəlliflərini “şair” deyib öyürlər. Ondan da pisi odur ki, belə həvəskarlar tərəfindən yazılan mətnlər dərsliklərə salınır. Bu günlərdə şahidi olduğum bir hadisə məni heyrətə gətirdi. Rayonların birində orta məktəbdə ali məktəb diplomu ilə dərs deyən müəllimin 3 şeir kitabı çap olunub. Ətrafda hamı ona şair deyir. Sosial şəbəkədə paylaşdığı nümunələrdən aydın olur ki, şəxs qafiyyə nədi, rədif nədi bilmir. Şeir nə üçün yazılır – danışdığımız dil yaşasın, aydındır ki, yaxşı yazılan şeir həm də müəllifini, onun adını yaşadır, gələcəyə aparır. İndi 3 kitab çap etdirən müəllim özündən sonra adının qalmasını istəyirsə, cızma-qaraya xərc çəkincə, dərs dediyi sinifdəki şagirdlərinin ayağı yalınına ayaqqabı alsa, etdiyi xeyirxahlıqdan bir ömür də ömrünün üstə gələrdi.
Şeir üçün əldə hər hansı resept, tərif, teorem yoxdur. Ancaq bilirik ki, kim öz hiss və həyacanını, sevgisini, kədərini, sevincini gözəl ifadə edirsə, oxucu o şeiri oxuyanda müəllifin keçirdiyi hisslərə şərik olursa, demək oxucu şeir oxuyur. Şeir oxucuya qəfil sillə kimi dəyməli, fikirlər oxucuya açıq havada şimşək çaxması, ildırım vurması kimi təsir etməlidir. Əks halda oxunan mətn əli, ayağı, başı, gözü olan meyid olacaq. Ona görə ki, həyat üçün həm də nəfəs lazımdır. Şeir canlı kimi nəfəs almalıdır. Şair adı çox ağır addır. Hər yetən bu adı üstünə götürə bilməz. Çox maraqlıdı xalq ev tikdirəndə yaxşı bənnanı seçir, pəncərə düzəltdirəndə yaxşı dülgərin qapısına gedir, amma şeir oxuyanda yaxşı şairlə zəif şairi bir-birindən seçə bilmir. Şair olan bəndə gərək ilk növbədə doğma dili mükəmməl bilsin. Hər hansı bir mövzuda şeir yazanda o mövzunu açacaq fikir söyləmək üçün gərək söz ehtiyyatına malik olsun. Bir dəfə mətbuatın məşhur etdiyi bir xanım şairin şeirini oxuyurdum – xanım şeirdə canlılara xas olan xüsusiyyəti dəyişik salmışdı – qartal uluyur yazmışdı. Demək müəllif heyvanlara xas hadisələrin adını bilmir – ulamaq canavara, itə və quşlardan bayquşa xas hadisədir, qartal isə qıyya çəkir. Bir şair kitabındakı poemada dəvənin başına cilov keçirmişdi. Bu oxucunu çaşdırmaqdı. Dəvənin başında ovsar, atın başında cilov, ulağın başında isə noxta olur. Şair olan kəs dili incəliyinə qədər bilməlidir. Məşhur şair var tüfəngdə tətiklə çaxmağın funksiyasını bilmir, mən bunu o şairə deyəndə ki, bu dili bilməməkdi, o gülə-gülə mənə dedi ki, bu dili bilməmək yox, ovçuluğu bilməməkdi. Amma, diqqətli və hazırlıqlı oxucu nəyin nə olduğunu bilir.
Şeir yazmaq üçün şairin içi olmalıdır, müşahidə qabliyyəti olmalıdır, sözdən söz almaq (sözdən söz çıxarmaq) bacarığı olmalıdır. Yeri gələndə qələm uyarından yaza (yəni uydurmaq) bilməlidir. Şeir yazanın yazdığını tamamlamaq üçün nəfəsi olmalıdır. Hətta kiçik həcmli bədii əsəri yazmaq üçün yazarın daxili gücü olmalıdır. Müəllif daxili gücündən, enerjisindən kəsib yazdığı mətnə ötürə bilməlidir. Şair dinlədiyi müsiqiyə (söhbət sözsüz ifadan gedir) köklənib şeir yaza bilər. Buna el dilində eydirmək deyilir. Yəni şairin iç halıyla musiqi üst-üstə düşəndə ilham pərisi şairin qulağına pıçıldayır, gərək o pıçıltını tuta biləsən.
Burda mütaliəni qeyd etməyə bilmərik. Hazırlıqlı şair gərək folklorumuzu, ustad aşıqları, dastanları, klassikləri, müasirləri, eləcə də dünya ədəbiyyatını oxumalıdır. Oxumayan qələm adamının dili cilalana bilməz.
Sizin sualınıza qarşı belə bir əks sual verə bilərlər ki, adam sosial şəbəkədə nə paylaşır özü bilər, sizə nə düşüb?! Bax burda o adama demək lazımdır ki, şeirlə, incəsənətlə xalqın balalarının zövqü formalaşır, gəncliyi sənətdə pisi yaxşıdan seçmək imkanından məhrum etmək mənəvi cinayətdir. Bizim narahatçılığımız gələcəyimiz üçündür. Kiminsə bəyəndim yığması naminə hələ zövqü formalaşmamış gənc nəsli çaşdırmaq haqqı yoxdur. Bir cinayət də bunu şəxsin öz öhdəsinə buraxmaq fikridir. Məktəbə gedən şagird 1-ci sinifdən üzü yuxarı getdikcə dünyagörüşü artır, sadədən mürəkkəbə doğru bilik qazanır. Bığıburma kişinin toyda mikrofonu əlinə alıb “it gəldi örkən apardı” bir şeir deyəndən sonra toy əhlinin yer-yerdən o adamı alqışlaması əsl ziyalını məyus etməyə bilməz. Demək orta məktəbi bitirən gəncin zövqü yerində formalaşmayıb. Burda aidiyyəti qurumların da boynuna məsuliyyət düşür. Televiziyalarımızın əksəriyyəti pula işləyir – pulunu ver efirdə şeir adına nə gəldi səsləndir. Hələ canlı efirə qoşulub sənə “afərin”lər də yağdıracaqlar. Bu da olacaq onların sığortası. Eyni zamanda məzmunsuz, heç bir bədii məziyyəti olmayan şeir kitablarına nəyinsə müqabilində tanınmış imza sahibləri yazdıqları ön sözlərlə boyunlarına az babal götürmürlər. Axırda onu deyim ki, yazda dağlarda qar əriyəndə dağ çayları bulanar, sel gedər. Yay gələnə macal isə çayın suyu durular. Bugünki şeir bumu da elədi, yaza bilməyənlər axırı suyu bulandırmaqdan bezəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB