"Hər bir uşağın psixologiyasına fərdi qaydada bələd olmaq vacibdir" - PSİXOLOQ FİKRİ

"Hər bir uşağın psixologiyasına fərdi qaydada bələd olmaq vacibdir" - PSİXOLOQ FİKRİ

"20 Yanvar, Xocalı, ümumiyyətlə Qarabağ müharibəsində baş verən hadisələr və bu xüsusdakı görüntülərin uşaqlara göstərilməsi daha kiçik yaşlardan başlanılmamalıdır. Çünki ibtidai sinif uşaqlarının təxəyyülündə bu cür məlumatlar və görüntülər daha dəhşətli hal alır və onların qorxmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, 7-ci sinifdən başlayaraq artıq baş verən hadisələrlə bağlı görüntülərin göstərilməsi daha məqsədəuyğundur: "Əks təqdirdə gördükləri uşaqların psixologiyası, inkişafı və yuxu rejiminə mənfi təsir göstərir. Bu səbəbdən də hər zaman tövsiyyə edirik ki, tarixlə bağlı qan yaddaşımız olan günlər aşağı siniflərdə yalnız məlumat şəklində verilsin. Məktəb tədbirlərində də əgər foto və videolar göstəriləcəksə, bu zaman daha yuxarı sinif şagirdlərinin tədbiri izləməsi təmin edilməlidir.

Lakin qeyd etməliyik ki, şəkil və videoların təsir gücü fərqlidir və bu yuxarı sinif şagirdlərində də bəzən travma yarada bilər, qorxularına səbəb olar. Buna görə də hər bir uşağın psixologiyasına fərdi qaydada bələd olmaq vacib məsələdir. Xüsusilə qız uşaqlarının bu cür video və fotoları görməsi, onların psixologiyasında özünə mənfi yer edir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə