İlham Əliyevin 20 illik fəaliyyəti müəllimlər tərəfindən necə qiymətləndirildi? - SORĞU
Prezident İlham Əliyevin 20 il ərzində gördüyü işlər və bu fonda Azərbaycanın inkişafı, 20 illik fəaliyyəti , uğurları, inkişaf üçün etdiyi işlər saymaqla bitməz. SİA olaraq müəllimlər arasında "Prezident İlham Əliyevin 20 il ərzində gördüyü işləri necə qiymətləndirirsiniz?" adlı sorğu keçirdik.
Xolqaraqaşlı kənd tam orta məktəbin direktoru, Azərbaycan dili və ədəbiyyatı müəllimi Ruhəngiz Nəcəfova: "Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev üç dəfə - 2003-2008-2013-cü illərdə Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Onun Azərbaycan üçün xidmətləri əvəzsizdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. İlham Əliyev yeni nəslin yeni lideri olaraq Azərbaycanı həmişə inamla irəliləyə aparıb. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların - BMT, NATO, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqli çıxışları ilə diqqəti cəlb edib. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə həmişə hörmətlə yanaşılıb. Məhz İlham Əliyev siyasətinin mərkəzində həmişə insan amili dayanıb, öz sözləri ilə desək, "hər bir azərbaycanlının prezidenti olmaq onun həyat fəlsəfəsidir". Yaddaşlarda qalacaq ən böyük addım isə 2020-ci illərdə yazılmış zəfər tarixi oldu. 30 illik həsrətə Ali Baş Komandan, müzəffər ordumuz və Azərbaycan xalqının birliyi nəticəsində son qoyduq. 27 sentyabr tarixində savaşın başlanmasını da xalqımıza prezident özü çatdırmışdı. Hamıda bir ümid işığı yaranmışdı. 44 gün ərzində hər kəs prezidentin çıxışını həsrətlə gözləyirdi. Gah sevinirdik, gah kədərli xəbər ilə sarsılırdıq. Şuşanın azadlıq xəbəri isə hamımızın böyük sevincinə səbəb oldu. Bu, həm də türk dünyasının bayramı oldu. Prezident şad xəbəri verərkən televiziyadan canlı yayım vasitəsilə Şəhidlər xiyabanından bunu bizə çatdırmışdı. O, çox kövrəlmişdi. Bu kövrəkliyin bir səbəbi onun vətənə olan sevgisi idisə, digər səbəbi ata vəsiyyətini yerinə yetirməsi, düşmən birliklərini mərdliklə susdurmasının yorğunluğu, nəhayət əldə olunan zəfər idi. Bu gün prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu siyasətini davam etdirir. Bu siyasət nəticəsində 30 illik işğala son qoyulub. Bu siyasət nəticəsində "Dəmir yumruq" əməliyyatı ilə erməni vandalizmi məhv edilib, prezidentimiz xalqın sevgisini, etimadını və hörmətini qazanıb. Uğurlu siyasət nəticəsində Azərbaycan artıq Cənubi Qafqazda lider dövlətə çevrilib. İlham Əliyev bir çox ölkələrin beynəlxalq təşkilatların fəxri adları, mükafatlarına layiq görülüb. Azərbaycanda isə ilin adamı seçilib.
İlham Əliyev bütün sahələrdə uğurlu islahatlar aparıb. Bu islahatların nəticəsində ölkəmizin siyasi-iqtisadi müstəqilliyi tam təmin edilib. Təhsil işçisi olduğum üçün bir az təhsil sahəsinə toxunmaq istəyirəm. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunmuş dövlət proqramları, 2011-2021-ci illəri əhatə edən geniş spektrli inkişaf üzrə milli strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir. 40 mindən çox müəllimin sertifikatlaşdırmaya cəlb edilməsi nəticəsində isə mövcud pedaqoji heyətin yüksək göstəriciləri ilə onların dərs yükünü artırmaq, beləliklə, əməyin diferensasiyasını tətbiq etmək mümkün olacaqdır. Artıq müəllimlərin orta aylıq əmək haqqı 830 manatı təşkil edir. Proses davamlı və növbəli şəkildə həyata keçirilir. Bunun nəticəsində müəllim nüfuzu yüksələcək və müəllim peşəsinə olan maraq getdikcə artacaq".

Tarix müəllimi Sədəf Nəcəfova: "İlham Əliyev Azərbaycan Respublikasına prezident seçildiyi dövr çox ağır şərait olması ilə fərqlənirdi. İstər beynəlxalq aləmdə, istərsə də, daxildə ağır vəziyyət idi. Heydər Əliyev Azərbaycanın vətəndaş müharibəsi ilə qarşı-qarşıya dayandığı və 1-ci Qarabağ müharibəsi ərəfəsində gəlmişdi. Yenə də vəziyyət fonda rahat, asan görünürdü. İlham Əliyev elə dövrdə gəlib çatdı ki, ulu öndərin siyasətini davam etdirməli, yeni uğurlar əldə etməli idi. Buna nail oldu. Onun iqtisadi, siyasi, mədəni, idman və sair sahələrdə gördüyü işləri saymaqla bitməz. 30 il işğal altında olan Azərbaycan torpaqlarının 44 günlük Vətən müharibəsi ilə azad olunması onun əldə etdiyi uğur, xalqımızın, ordumuzun əldə etdiyi bu qələbəyə İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyidir. Azərbaycan xalqı ümid etsə də, heç kimin ağlına gəlməzdi ki, belə bir qələbəyə nail olacağıq. İlham Əliyev hamını öz ətrafında yumruq kimi birləşdirməyi bacardı. Davamı olaraq sentyabr ayında antiterror əməliyyatı nəticəsində digər torpaqlarımızda da tam suverenliyimizi bərqərar edə bildik. Dağıdılmış, viran olunmuş bu torpaqlarda görülən işlər göz qabağındadır. Onun ən böyük uğuru bütün dünyaya göstərdiyi qələbəmiz və bu sahədə görülən işlərdir. İlham Əliyev siyasi sahədə apardığı informasiya mübarizəsində 44 gün ərzində 30-dan çox dünya mediasına müsahibə verdi. Savadı, siyasi biliyi, təmkini ilə hamını heyran qoydu. Bu qələbəni müharibədən heç də az hesab etmirəm. Bir lider kimi informasiya mübarizəsində də təsdiq etdi. Nəticədə, onunla razılaşırlar, kiçik ölkə olsaq da, ən böyük liderlər sırasında onun adı çəkilir. Onun qiymətini bilirlər, bilməyə də borcludurlar. Çoxları ona qibtə edir, həsəd aparır. Nə yaxşı ki, 20 il müddətində prezident İlham Əliyev oldu. Ləyaqətlə, şərəflə ulu öndər Heydər Əliyevin davamçısı olduğunu sübut etdi. Ermənilərin illərlə apardığı böhtanı İlham Əliyev puç etdi, Azərbaycanı, dövləti və dövlətçiliyini, haqq işimizi tanıtdı".

Tarix müəllimi Mayılov Vüsal: "Prezident İlham Əliyevin 20 illik ərzində gördüyü ən böyük uğurları sıra ilə saya bilsək, birinci sırada Qarabağın azad edilməsini görürəm. Qarabağ torpaqlarının azad edilməsi, suveren azadlığımız ən böyük siyasi uğurlardan biri sayılır. Bu 20 illik fəaliyyətinin sonuncu mərhələsi hesab edilir. İlk dövrlərdə ən böyük uğurlarımızdan biri bütün Azərbaycan ərazisində çadır şəhərciklərinin ləğv olunması idi. Çadır şəhərcikləri ləğv olundu, qaçqınların xüsusi hazırlanmış evlərə köçürülməsi ən böyük uğurlardan biri idi. Bunun arxasından Heydər Əliyevin uğurlu siyasətini davam etdirib Azərbaycan torpaqlarının bütövlüyü və azadlığı uğrunda apardığı mübarizə, Qoşulmama Hərəkatı uğrunda mübarizə sədr kimi onun ən böyük uğuru idi. 2-ci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad olunan ərəfədə dünya dövlətləri bizə qarşı sanksiyalar təşkil etməli idilər. İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Qoşulmama Hərəkatının üzvləri sanksiyalara veto qoydular. Bu da bizim haqq isimizdə bizə verilən dəstək oldu. Möhtərəm prezidentimizin gördüyü tədbirlər arasında quruculuq işləri əsas yer tutur. Xüsusən işğaldan azad olunmuş bölgələrdə çox sürətlə və yenidən qurulması, ağıllı kənd və şəhər layihələrinin həyata keçirilməsi aztəminatlı ailələrin yaşam səviyyəsinin aşağı yüksəldilməsi üçün əlavə maddi yardımların ayrılması, həmin ailələrə heyvanların, təsərrüfat alətlərinin hədiyyə olunması prezidentimizin həyata keçirdiyi iqtisadi uğurların ən başlıca nöqtələrindən biridir. Onun 20 illik fəaliyyətini Azərbaycan tarixinin gəlib keçmiş Şah İsmayıl Xətai, Uzun Həsən, Qaraqoyunlu Qara Yusif kimi böyük liderlərlə bir sırada duracaq, onlardan belə üstün olacaq şəxsiyyət və lider kimi xarakterizə edirəm".
BDU, p.ü.f.d. Pedaqogika kafedrasının müəllimi Vəfa Çıraqova: "İlham Əliyevin uğurları göz qabağındadır. Mən onu pedaqoji tərəfdən qiymətləndirirəm. Daxili, xarici siyasəti, savadı Azərbaycanı hər yerdə tanıtdı. Azərbaycanı bütün dünya qələbə qazanmış ölkə kimi tanıyır. 44 günlük Vətən müharibəsindən sonra müsahibələrində hər ölkəyə Azərbaycanı tanıtdı, xəritəmizi bərpa etdi. Qürurverici haldır. Qalib xalq kimi tanınmaq mənim üçün ən birinci cavabdır. Bütpərəstlikdən İslama keçməyimiz, İranla Rusiya müharibəsində torpaqlarımızın bölünməsi, Cümhuriyyətimiz dövrü, Sovet hakimiyyəti, müstəqilliyimiz və sonra uğurumuz hamısı vətənə qarşı sevgini dəyişdi. Uşaqdan tutmuş böyüyə kimi hamı səfərbər oldu. Heç bir sərkərdənin etmədiyini İlham Əliyev etdi. Gənclərə örnək kimi bunu da demək istəyirəm ki, biz adət-ənənələrimiz, əsil, nəsil, kök, böyüklərimiz haqqında çox eşitmişik. Amma bunu İlham Əliyev öz timsalında göstərdi. Azərbaycan ailəsi və ata vəsiyyəti nə deməkdir onu göstərdi. Tərbiyənin dəyişdiyi dövrdə, Avropa ilə əlaqələrin artdığı vaxtda İlham Əliyevin timsalında nəsil, böyük, ata vəsiyyətinin önəmini gördük. Azərbaycan ailəsi üçün bu, qürurlu hissdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB