Xuraman Muradova: Uca Rəbbim müzəffər xalqın Müzəffər Oğlunu qorusun!

Xuraman Muradova: Uca Rəbbim müzəffər xalqın Müzəffər Oğlunu qorusun!

Yaşatdı xalqına böyük bir Zəfər
Zülmə min-min qılınc çalan Komandan!
Ürəyi dağ boyda, Ruhu göy qədər
Könüllərdə məlhəm olan Komandan!

Son günlərdə bütün ölkə ictimaiyyəti böyük ruh yüksəkliyi ilə prezident seçkilərinə hazırlaşır. Səmimi etiraf edək ki, ötən ilin son günlərində Xankəndindən, Xocalıdan Türk dünyasını salamlayan Müzəffər Ali Baş Komandanımızın qürur dolu çıxışlarının təsiri ilə xalqımız bir daha qələbə ruhu ilə zəfər günlərinin sevincini yaşadı… Qalib bir ölkənin vətəndaşı kimi bu günləri yaşamaq izaholunmaz dərəcədə möhtəşəm duyğudur… Bunu bütün varlığınla hiss etmək hətta qışın sərt çağları olsa belə bahar kimi səadət gətirir adamın ömrünə… Bu duyğudan ən çox pay alan yəqin ki, yaradıcı adam, yaradıcı təxəyyül olur…

Zəfərin bəxş etdiyi əzəmət və ilahi bir hüzur hissi ilə yaşadığımız ötən günlərə boylanmaq, həmin günləri səhifələmək isə bir ayrı qürurdur…

Həmin günlərdə Ali Baş Komandanın azad Qarabağa ilk səfəri zamanı bir hadisə heç unutmayacağım xatirələrlə yaddaşımda iz qoydu… Füzulidə bir çay evində adamlar oturub çay içdiyi vaxtda Cənab Prezident idarə etdiyi maşını saxlayır və orda oturan adamlara tərəf gedir. Çox təsirli bir mənzərə idi. Hamı ayağa qalxıb ona sarı yüyürür və “Qarabağ! Qarabağ!” sədaları göylərə ucalırdı. Bu kadrları izləyəndə çox duyğulandım… Necə ki, övladımız bizə adımızı yox “Ana”, “Ata” deyə müraciət edir, həmin an anladım ki, Ali Baş Komandan bu xalqdan ötrü “Qarabağ” imiş, lap övladın “Ata” deyə doğma səslənişi kimi…

Biz O Atanın dəmir yumruğu, yolgöstərənliyi, əzmi və yenilməz iradəsi ilə 44 günlük böyük, şərəfli bir yol yürüdük…

Sözün həqiqi mənasında əfsanə kimi günlər yaşadıq. Lap Çingiz Aytmatov demişkən, “Əsrə bərabər gün”lər…

Və İlham Əliyev müdrik siyasəti ilə bütün dünyaya bəyan etdi ki, O, mənfur qonşularımızın 200 illik torpaq iddialarını 20 il düşünüb-daşındı və 44 günün içində sülh yolu ilə tamamladı, uzaqgörən siyasəti, ağlı, müdrikliyi, cəsarəti, dünyagörüşü, mərhəməti, insansevərliyi ilə hər bir azərbaycanlının prezidenti olmağı bacardı…
***

Görkəmli dövlət xadimi, yeni əsrin yeni lideri olan İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməsindən düz 20 il zaman ötür. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini bütün dünya gördü. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ildə keçirilən seçkilərdə onun layiqli davamçısı İlham Əliyevi dəstəkləyərək Prezident seçdi.

20 illik fəaliyyəti dövründə

Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Tarixə nəzər salsaq görərik ki, ötən 19 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu.

Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın noyabrın 8-də işğaldan azad edilməsi tariximizə şanlı Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-lərə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Vətən müharibəsində qazanılmış parlaq Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi. Ötən 20 ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.

Prezidentin qayğısı və diqqəti sayəsində son illərdə Bakı şəhərində və onun qəsəbələrində də tikintiquruculuq işləri daha geniş vüsət alıb. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair 2006-2007, 2011-2013 və 2014-2016-cı illəri əhatə edən Dövlət Proqramlarının icrası, eləcə də Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Bakı şəhəri və qəsəbələri üzrə həyata keçirilən tədbirlər Bakı şəhərində irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoyub, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılıb, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib.

Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilib, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdəndir.

Aqrar sektorun innovativ əsaslara keçirilməsi, o cümlədən aqroparkların yaradılması dövlət başçısının əsas hədəflərindəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda 33 rayon üzrə 51 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir.

2021-ci il iyunun 15-də Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizinin açılmasının bölgənin həyatında yeni mərhələ olacağı öz əksini tapıb.

2016-cı il oktyabrın 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” fərman imzalayıb. Şuranın yaradılmasında məqsəd 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstərişləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilib və bu istiqamətlər üzrə müəyyən edilmiş tədbirlərin icrası uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Son 10 ildə Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı, Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı, Neftçala, Masallı və Hacıqabulda sənaye məhəllələri yaradılıb.

Ötən 19 ildə iqtisadi və sosial sahədə ciddi uğurlar qazanılıb, ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar və müavinətlər dəfələrlə artırılıb. Son 20 ildə regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilib, insan amili daim diqqət mərkəzində saxlanılıb, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açıb.

Son 15 ildə regionlarda 3 mindən artıq məktəbdə, 400-ə yaxın məktəbəqədər təhsil müəssisəsində və 500-ə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Regionlarda 34 olimpiya-idman kompleksi, 34 gənclər evi inşa olunub. 2004-cü ildən etibarən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırılıb və əhalinin rifah halı xeyli dərəcədə yüksəlib.

Ermənistanın hərbi təcavüzü nəticəsində yer-yurdlarından didərgin salınan məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının daim diqqət mərkəzində olub. 2003-2021-ci illər ərzində məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə 6,7 milyard manat vəsait sərf edilib ki, həmin vəsaitin 4,2 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 396 milyon manatı beynəlxalq humanitar təşkilatların payına düşür.

Dövlət başçısının 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” tarixi Fərmanla Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin daha bir təzahürü, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təsdiqidir.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlət başçısının daim diqqət mərkəzindədir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bu kateqoriyadan olan şəxslərə və onların ailə üzvlərinə 2003-2021-ci illərdə 6000 avtomobil verilib. 2003-2021-ci illərdə əlilliyi olan şəxslər üçün 13 reabilitasiya müəssisəsi, həssas əhali qrupları üçün 7 sosial xidmət müəssisəsi, işsiz və işaxtaranlar üçün 4 Regional Peşə Hazırlığı Mərkəzi açılıb. Qanunvericiliklə ilə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial müavinət, təqaüd və kompensasiyalar ödənilir.

Ölkədə turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizm infrastrukturunun inkişafına və beləliklə əhalinin istirahətinə geniş imkanlar yaradıb. 2003-cü ildə ölkədə cəmi mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 96 olduğu halda, regionların inkişafı istiqamətində qəbul olunmuş dövlət proqramlarının icrası nəticəsində belə obyektlərin sayı artaraq 560-I keçib ki, bunun da 400-dən çoxu regionlarda fəaliyyət göstərir.

Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Dünya Bankının “Doing Business” hesabatında reytinqə görə Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. İnkişaf etməkdə olan 74 ölkə arasında aparılan hesabata əsasən hökumətin islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdə, uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsinə görə Azərbaycan 11-ci yerdədir. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə Azərbaycan 2005-ci ildən 2020-ci ilədək 69-cu yerdən 34-cü yerə yüksəlib.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilib. 2006-cı ildə istismara verilən Səngəçal terminalı Azərbaycan neftini Gürcüstan limanlarına daşınması üçün qəbul etməyə, həm də terminala tankerlərlə qəbul edilən Türkmənistan, Qazaxıstan və Rusiya neftini Bakı-Tbilisi-Ceyhan boru kəmərinə nəql etməyə imkan verir. Avropanı Asiya ilə birləşdirən və 2017-ci ildə Istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

2018-ci ildə Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Qaz Boru Kəməri – TANAP qaz kəməri istifadəyə verilib. Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri – TAP-ın tikintisi yekunlaşıb. 2021-ci ildən başlayaraq İtaliyanın, Yunanıstanın və Bolqarıstanın Azərbaycanın maye qazından istifadəyə başlaması artıq Avropa qitəsinin bəzi dövlətlərinin gələcəkdə daha çox Azərbaycanın enerji sahəsində tərəfdaşı olmasına gətirib çıxaracaq. Bu gün Azərbaycanın Avropanın mavi yanacaqla təminatında xüsusi payı var. 2018-ci il may ayının 14-də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub.

Təməli 2020-ci ildə qoyulan Ələt Azad İqtisadi Zonası regionun ən böyük ticarət və logistika mərkəzinə çevrilməkdədir. Ələt qəsəbəsindəki ən böyük Xəzər limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Ələt Azad İqtisadi Zonasının istifadəsi üçün ayrılmış ərazilərə daxil edilib.

Ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini – “ASAN xidmət” mərkəzlərini buna misal göstərmək olar. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə və vətəndaş məmnunluğunun daim yüksək səviyyədə saxlanılmasına nail olunub. Mərkəzlərin sayı və əhatə dairəsi artırılıb. Mərkəzlərdə 11 dövlət orqanı tərəfindən 53 əsas xidmət təşkil edilib. Hazırda 24 “ASAN xidmət” və 3 “ASAN Kommunal” mərkəzi olmaqla, ümumilikdə 27 mərkəzin vahid standartlar çərçivəsində idarə olunması və vətəndaşlara xidmət göstərilməsi üçün bütün imkanlar təmin olunub.

2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi – DOST Agentliyi yaradılıb. DOST Agentliyinin missiyası əhalinin rifah halının yaxşılaşdırılmasından, həssas qruplara dövlət qayğısının artırılmasından və vətəndaş

Məmnunluğunu təmin etməkdən ibarətdir. Hazırda ölkədə 5 DOST mərkəzi fəaliyyət göstərir. 2025-ci ilədək Bakıda və ölkəmizin regionlarında 17 DOST mərkəzi, 55 DOST filialı istifadəyə veriləcək. Bu mərkəzlər 3 milyona yaxın şəxsə xidmət edəcək. Hazırda Bakıda DOST İş Mərkəzi, Rəqəmsal İnnovasiyalar Mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir.

Son 20 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edib.

Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının rəsmi açılışı olub. Açılışlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Laçın beynəlxalq hava limanlarının inşası davam etdirilir. Göygöldən Murov dağının altından Kəlbəcərə uzunluğu təqribən 12 km olan tunel sürətlə çəkilir. Şuşaya gedən Zəfər yolunun tikintisi tamamlanıb. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planları təsdiqlənib, onların bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. 2021-ci il aprelin 26-da bu istiqamətdə artıq ilk addım atılıb. Zəngilan rayonunda yüksək texnologiyalara əsaslanan ilk “Ağıllı kənd” layihəsinin birinci mərhələsi başa çatdırılıb. Ağalı kəndində icra edilən layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak ediblər. Bu hadisə həm də Böyük Qayıdışın başlandığı gün hesab olunur. Erməni vandalları tərəfindən viran qoyulan Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər qısa müddətdə doğma yurdlarına qayıdacaqlar.

Yuxarıda sadalanan faktlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 20 ildə əsrə bərabər inkişaf yolu keçib. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən İlham Əliyev 42 yaşında idi və demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Hazırda ömrünün 62-ci ilində İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi alternativsiz liderə çevrilib. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxaracağı günlər uzaqda deyil.

Xalqımız ölkənin yüksələn rifahı, dövlətin təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi titanik işlərə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edir, daim Onunla qürur duyur.

Uca Rəbbim qalib xalqımızın Qalib Liderini, dövlətimizi, millətimizi, Azərbaycanımızı, Türk dünyamızı qorusun! Amin inşAllah!

Xuraman Muradova

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,

Türk dünyası “Onur” və “Altın yıldız” medallı, Humay Milli Mükafatı laureatı,

Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru

AYB və Türkiyə Yazarlar Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə