"Yolların hərəkət istiqamətində avtomobil saxlanılmamalıdır" - EKSPERT BİLDİRDİ
“Bakı şəhərində tıxac probleminin əsas səbəblərindən biri nəqliyyat vasitələrinin çoxalmasıdır. Tıxac probleminin aradan qaldırılması üçün 3 üsul var”. Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə bunlardan birincisi operativ təşkiletmə üsuludur: “Yəni yolların istiqamətləri dəyişdirilir, müəyyən istiqamətlər alternativ yollara yönəldilir. Meydan modelində yol hərəkətinin nizamlanmasını təşkil edilir, işıqforun fasilələrini nizamlanır, bəzi istiqamətlərdə nəqliyyat vasitələri həddindən artıq çoxdursa “Yaşıl dalğa” prinsipi nəzərdə tutulur. Bu operativ təşkiletmə üsulu doymuş vəziyyətdədir, Bakı bundan artığını etməyə imkan vermir”.
Ekspert bildirib ki, “ikinci üsul memarlıq layihələndirmə metodudur. Yəni yolların genişləndirilməsi, yeni yolların salınmasını nəzərdə tutur. Yeni təsdiq olunan baş plana görə yeni yollar salınacaq. Bu üsuldan istifadə edərək bu tıxacların qarşısını müəyyən qədər almaq olar. Tıxac çox olan yollarda genişləndirmə imkanı varsa bu edilir”.
F.Eyyubov qeyd edib ki, üçüncü üsul isə inzibati məhdudiyyət üsuludur: “Müəyyən yollara müəyyən nəqliyyat vasitələrinin buraxılmasını qadağan edirlər. Elə yerlər var ki, orada şəxsi avtomobillərin istifadəsinə icazə verilməyə bilər. Bəzi yollarda ticarət mərkəzlərinin qarşısında dayanacağın yanında ikinci sırada avtomobil saxlayırlar və bu da tıxaca səbəb olur. Dayanacaq məsələlərinə diqqət etmək lazımdır, yolların hərəkət istiqamətində avtomobil saxlanılmamalıdır”.
Müsahibimizin fikrincə, avtomobil yolları vahid mərkəzdən idarə olunmalıdır: “Yol hərəkətin təşkili bir neçə müəssisəyə həvalə edilib. Bəzi məsələlərə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, bəzi məsələlərə Dövlət Yol Polisi, bəzilərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxırTıxac problemi böyük bir strateji məsələ kimi nəzərə alınıb həll olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB