"Sosial müdafiə vətəndaşın çətin şəraitdə dövlət tərəfindən dəstəklənməsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial müdafiə vətəndaşın çətin şəraitdə dövlət tərəfindən dəstəklənməsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial müdafiə geniş anlayışdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Sosioloq bildirib ki, sosial müdafiə əhalinin, vətəndaşların, şəxslərin risklər qarşısında qalarkən sosial, iqtisadi, maddi təhlükəsizlik və həyat çətinlikləri qarşısında dövlət tərəfindən həyata keçirilən sosial müdafiə sistemidir: "Sosial müdafiə anlayışı qərbdə yaranıb. XX əsrin əvvəllərində beynəlxalq iqtisadi böhran var idi. Bu anlayış daha çox ABŞ-də fərqlənmişdir. Həmin dövrdə ABŞ-də baş verən iqtisadi böhranlar fonunda əhali ehtiyac içərisində yaşayırdı. Ona görə təqribən 1935-ci ildə ABŞ-də sosial müdafiə haqqında qanun qəbul olundu. Ondan sonra başqa ölkələrə yayıldı. O vaxta qədər də sosial sığorta məsələləri var idi.

Sosial müdafiənin əsas iki modeli fərqləndirilir. "Bismark" və "Beveric" modeli deyilən modellər var. "Bismark" modelində vətəndaş işləyir, zəhmət haqqının bir hissəsi sığorta fonduna yönəlir. Şəxs risk, çətinlik qarşısında qalarkən onu sosial sığorta və pensiya şəklində alır. "Bismark" modelində sığorta olmayanlar sosial müdafiədən kənar qalırlar. "Beveric" modeli daha universaldır. İşçinin işləyib-işləməməsindən asılı olmayaraq bütün vətəndaşlar sosial müdafiə ilə əhatə olunur. Bu iki model xüsusilə fərqlənir".

"Sosial müdafiə deyərkən vətəndaşın çətin həyat şəraiti vaxtı və ya risk olmasa da maddi, sosial cəhətdən dövlət tərəfindən dəstəklənməsidir. Sosial müdafiə baxımından ən qabaqcıl ölkələr kimi İngiltərə və Almaniya göstərilir. Çünki həmin ölkələrdə sosial müdafiə anlayışı praktik cəhətdən daha çox özünü göstərir. Azərbaycan da Prezidentimiz tərəfindən sosial dövlət elan olunub. Sosial dövlət elan olunandan sonra Azərbaycanda artıq sosial rifah dövlət quruculuğu prosesi gedir. Əsas amil odur ki, heç kim kənarda qalmasın. 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri bəyan olunandan sonra Azərbaycan 2016-cı ildə ora qoşuldu. Prezidentimiz Azərbaycanın sosial dövlət olduğunu, sosial dövlət quruculuğu prosesi getdiyini vurğuladı. Konstitusiyamızda da ayrıca "Sosial inkişaf və dövlət" adında bölmə var. Sosial dövlət şəraitində hər vətəndaş sosial müdafiə ilə əhatə olunur. Azərbaycanda Sosial Xidmətlər Agentliyi, Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində Dost Agentliyi var. Bütün ölkə vətəndaşları sosial müdafiə ilə əhatə olunub. Bu, özünü sosial müdafiə siyasətində, sosial pensiya siyasətində, sosial müavinətlərdə, aktiv və qeyri-aktiv sosial dəstək layihələrində göstərir" - deyə Üzeyir Şəfiyev əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə