Avtobus zolaqları tıxacın qarşısını nə qədər alır? - MÜNASİBƏT BİLDİRİLDİ
"Avtobus zolaqları ictimai nəqliyyatın fasiləsiz, tıxaca düşmədən hərəkətini təmin etməyə yönəlmiş tədbirdir". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, hansı küçələrdə ümumi nəqliyyat sıxlığı yaranırsa, həmin küçələrdə avtobusların da tıxaca düşməməsi, sərnişinlərin mənzil başına tez çatması əsas hədəfdir: "Fərdi avtomobil və taksilərdə olan insanlar görsünlər ki, avtobuslar daha rahat işləyir, beləliklə, öz avtomobillərindən tədricən ictimai nəqliyyata keçsinlər. Avtobus zolaqları bu mexanizm işlədiyi təqdirdə tıxaca əlac olar. Ona görə bu, vaxt aparan prosesdir. Bu zolaqlar möcüzə deyil ki, çəkildikdən az müddət sonra tıxac olmasın. Hələ ki, bu mexanizm işə düşməyib. Səbəbi odur ki, avtobus zolaqlarının şəbəkəsi yoxdur, avtobus zolaqları ilə bərabər çoxlu sayda avtobuslar olmalı, zolaqlar avtobuslarla dolu olmalıdır. Şəhərin həmin yaşayış məntəqəsinin hər yerini əhatə edən və komfortlu xidmət göstərən avtobuslar olmalıdır. Avtobus dəqiq qrafiklə işləməlidir. Sərnişin bilməlidir ki, hansı avtobus hər gün hansı dəqiqədə dayanacaqda olacaq. Sərnişin avtobusun A nöqtəsindən B nöqtəsinə hər gün eyni müddətə getməlidir. Günün istənilən saatında bu təmin olunmalıdır. Kompleks işlər görülməlidir. Digər komponentlər də yerində olsa, hər şey qaydasında olacaq".
"İndi bəzi küçələrdə avtobus zolağı var, amma azdır. Avtobus zolağı olsa da, dəqiq işləyən avtobuslar yoxdur, sayı azdır. Həmin avtobuslar şəhər kənarında hər yerə getmir. Hələlik, nəticəni görə bilmirik.
20-dən artıq küçədə avtobus zolağı var. Nə qədər olacağı isə Bakı şəhərinin Baş planında və nəqliyyat sahəsinin inkişaf strategiyasında var. Gələcəkdə artırılacağı nəzərdə tutulur" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB