Məhbusların istehsalat sahələrinə cəlb edilməsi necə baş verir? - MÜNASİBƏT BİLDİRİLDİ

Məhbusların istehsalat sahələrinə cəlb edilməsi necə baş verir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Cəzaçəkmə müəssisələrində məhbusların istehsalat sahələrinə cəlb edilməsi onların ixtisasları və istəkləri ilə baş verir". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

O bildirib ki, müəyyən sahələr var, həm istehsalat, həm də köməkçi sahələrdir: "Məhbuslar öz istəkləri ilə işləyirlər və aldıqları məvacib də onların hesabına köçürülür. Hətta bəziləri hesablarındakı pulları ailələrinə də göndərir, özləri üçün də istifadə edə bilirlər. Cəzaçəkmə müəssisələrində ixtisası olmayan məhkumlar üçün müəyyən kurslar - qaynaqçı kursları, kompüter kursları açılır. Onlara yeni sənədlərin öyrədilməsi baş tutur. Bu da həmin məhbusların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra cəmiyyətə reabilitasiya olunmasına kömək edir. Məhbuslar aldıqları məvaciblə ailələrinə yardım edir və öz ehtiyaclarını ödəyə bilirlər".

"Ədliyyə Nazirliyinin bir saytı var ki, burada məhkumların əl işləri məhsulların siyahısı var. Məsələn, qadın cəzaçəkmə müəssisəsində qadınlar suvenirlər hazırlayırlar, onların satışını təşkil edirik. Yaxşı olardı ki, sifarişlər verilərdi, sifarişlər əsasında cəzaçəkmə müəssisələrinin həmin istehsal sahələrində məhsullar hazırlanardı. Əvvəllər cəzaçəkmə müəssisələrində kiçik sexlər fəaliyyət göstərirdi. Bu, məhkumlar üçün yardım idi. Amma hal-hazırda bazar iqtisadiyyatıdır, belə istiqamət üçün bazara çıxış olmalı, tələbat olmalıdır. Bəlkə də, kömək üçün biznes sahəsində çalışan sahibkarlar məhbusların istehsal etdiyi məhsullardan istifadə edə bilərlər", - deyə S.Bənənyarlı bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə