Şəxsi qərarlarımızı alarkən məsləhətləri dinləməliyik? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

Şəxsi qərarlarımızı alarkən məsləhətləri dinləməliyik? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Əminəm ki, hər birimiz kiçik yaşlarımızdan etibarən "ehtiyatlı ol, yıxılarsan", "isti çaya toxunma yanarsan" və s. kimi nəsihətləri eşitmişik". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Onun sözlərinə görə, böyüklər bu məsələlərdə haqlıydılar, amma biz onları hər zaman dinləyirdikmi? - Xeyr: "Onlar çox iradlar bildirdikcə onların sözləri adiləşir, qadağa qoyduqları şeylər isə daha çox diqqətimizi çəkirdi. Nəticədə isti çaya toxunaraq əlimizi yandırıb, bərk qaçaraq dizimizi yaralayıb həyatımızın təcrübə toxumlarını özümüz cücərtdik. Demək ki, şəxsi təcrübələrimiz elə uşaq ikən daha çox şey öyrədir bizə. Ona görə ki, biz o səhvi həqiqətən yaşayaraq, duyaraq öyrənirik".

Psixoloq deyib ki, müdriklərin sözləri təcrübədən irəli gəlsə də, 100%-lik doğru ola bilməz: "Çünki həyatda 100% doğru olan heç nə yoxdur. Ona görə də yaxşı olar ki, insan şəxsi həyatı ilə bağlı qərarlarını özü versin. Bir söz var ki, uşaqlar dünyaya gəlmir ki, bizim arzularımızı həyata keçirsin. Uşaqlar dünyaya gəlir ki, öz arzularını həyata keçirsinlər. Odur ki, valideynlər övladlarının həyatı ilə bağlı onlara fikir bildirə bilər. Bu, onların haqqıdır. Amma məcbur etməməlidirlər. Axışına buraxmalıdırlar. Səhvləri, doğruları ilə də onları seçməli, yanlarında olmalıdırlar".

"Xoşbəxtlik hər insana görə dəyişir. İnsanlar xoşbəxtliyi fərqli məfhumlarda görürlər. Əsl xoşbəxtlik insanın özünə daha çox diqqət etməsi, özünə şəxsi inkişafı ilə bağlı vaxt ayırması, özündən gözləntilərini çoxaltması, qarşı tərəfdən, yəni digər insanlardan gözləntilərini minumuma endirməsidir", - deyə o bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə