Posttravmatik stress nədir? - VACİB MƏQAMLAR

Posttravmatik stress nədir? - VACİB MƏQAMLAR

İnsan həyatında gələcəyə dair acizlik, qorxu, narahatlıq və ya ümidsizlik yaradan bir çox situasiyalar ola bilər. Lakin bu neqativ emosiyalar heç də həmişə travmatik təsir göstərmir. Bir hadisənin travmatik təsir göstərməsi üçün gözlənilməz və ani olmalıdır. Bu cür hadisələrdən sonra posttravmatik stress pozuntusu yarana bilər. Bu pozuntu fərdlərdə müxtəlif simptom və əlamətlərlə özünü göstərir. Stress pozuntusu bəzi insanlarda hadisədən dərhal sonra, bəzilərində isə uzun müddət sonra baş verə bilər. Posttravmatik stress pozuntusu ümumi olaraq dörd əsas kateqoriyaya aid edilir:

• Yenidən yaşamaq: Post-travmatik stress pozuntusunun ən diqqət çəkən əlamətlərindən biri o anı yenidən yaşamaqdır. Sanki insan travmatik hadisəni yenidən yaşayır. O, həmin anın səslərini eşidə və görüntülərini görə bilir. Bu vəziyyət tez-tez təkrarlanan qorxulu yuxular və özünü günahlandırma düşüncələri ilə müşayiət olunur. İnsanlar tez-tez hadisənin başına qayıdırlar, bunun necə baş verdiyini, öz səhvlərini və bunun qarşısını ala bilib-bilməyəcəyini düşünürlər.

• Qaçınma: Qaçınma posttravmatik stress pozuntusunun ümumi təzahürüdür və adətən travmatik hadisəni xatırlamaqdan çəkinməyi əhatə edir. Fərdlər travma ilə əlaqəli ola biləcək insanlardan, yerlərdən və obyektlərdən uzaq durmağı seçirlər. Onlar, travmatik hadisə haqqında danışmaq istəmir və başqaları bu barədə danışanda narahat olurlar. Qaçınma fərdlərdə içə qapanmaya da səbəb ola bilər.

• Artan Həssaslıq: Artan həssaslıq, posttravmatik stress pozuntusunda görülən başqa bir xüsusiyyətdir və bir insanın mənfi duyğuları normaldan daha sıx şəkildə yaşaması ilə xarakterizə olunur. Bu, xüsusilə qəzəb, aqressiya və əsəbilik hisslərinin adi vaxtlardan daha şiddətli hiss edilməsi ilə özünü göstərir.

• Neqativ əhval-ruhiyyə: Posttravmatik stress pozuntusunun başqa bir əlaməti neqativ yönümlü idrak və əhval-ruhiyyədir. Bu, travmatik hadisə haqqında düşünərkən və ya hadisənin gətirdiyi travmanın təsiri ilə davamlı olaraq özünü günahlandırmağı ehtiva edir. Bu mövzu ilə bağlı SİA-ya psixoloq Fərqanə Mehmanqızı açıqlama verib.

Onun sözlərinə görə, travma sonrası stress pozuntusu qorxudan və ümidsizliyə səbəb olan, çox vaxt qeyri-adi və gözlənilməz hadisələr nəticəsində yaranan psixi travma və ya psixi sağlamlıq vəziyyətidir: "Bu hadisələr insanın və ya yaxınının ölümünə və ya yaralanması təhlükəsinə səbəb olarsa qorxu, dəhşət və çarəsizlik hissləri yarana bilər.

Zəlzələ, daşqın və yanğınlar kimi təbii fəlakətlər, işgəncə, müharibə və zorlama kimi insan tərəfindən törədilən travmalar, qəzalar, ağır və ölümcül tibbi vəziyyətlər və xəstəliklər və ya gözlənilməz ölümlər kimi travmatik hadisələr insanda psixi travmaya səbəb ola bilər. Bu cür travmatik hadisələri yaşayan və ya onlardan təsirlənən insanların çoxu müvəqqəti olaraq şəraitə və ətraf mühitə uyğunlaşmaqda, onlarla mübarizə aparmaqda çətinlik çəkə bilər.

Bu vəziyyətdə vaxtında kömək və dəstək almaq normal stress reaksiyalarının pisləşməsinin və travma sonrası stress pozuntusuna çevrilməsinin qarşısını ala bilər. Burada lazım olan kömək və dəstək fərdi dinləyən və rahatlıq verən ailə üzvlərinə və dostlarına müraciət etmək mənasına gələ bilər. Qısamüddətli terapiya üçün psixoloq və ya psixiatrla məsləhətləşmək lazım ola bilər. Digərləri öz inancları olan icmalara sığınmağı faydalı hesab edə bilər. Bütün bu üsullarla başqalarından alınacaq dəstək, insanın spirt və ya narkotik istifadəsi kimi qeyri-sağlam mübarizə üsullarına çevrilməsinin qarşısını ala bilər”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə