"Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz" - VƏKİL AÇIQLADI
“Azərbayan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”. Bu barədə SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana, 148-ci maddəsi ilə təhqirə görə məsuliyyəti nəzərdə tutur: “Böhtan – yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş, etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Bu əmələ görə, 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Ağır və xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmğa gğrə isə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilib”.
R.Əliyev bildirib ki, təhqir isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma əməlidir: “Bu əmələ görə isə 1000 min manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Böhtan və təhqirə görə cinayət təqibi yalnız zərər çəkmiş şəxsin məhkəməyə xüsusi ittiham qaydasında şikayəti əsasında aparılır”.
Vəkil sonda qeyd edib ki, həmçinin Cinayət Məcəlləsinin 148-1 maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə də məsuliyyət nəzərdə tutulub: “Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Bu əmələ görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllə bağlı cinayət təqibi isə zərər çəkmiş şəxsin şikayəti əsasında və ya prokurorun təşəbbüsü ilə ictimai-xüsusi ittiham qaydasında aparılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB