"Sosial iş qayğıya möhtac insanlara kömək etmək sahəsindəki işdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial iş qayğıya möhtac insanlara kömək etmək sahəsindəki işdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial iş əslində qayğıya möhtac, ehtiyacı olan insanlara kömək etmək sahəsindəki işdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisad elmlər doktoru, "Ahəngyol" elmi-fəlsəfi konsepsiyanın yaradıcısı, publisist, sosioloq, Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, neçə il əvvəl Azərbaycanda qərbdən-beynəlxalq təşkilatlardan olan xaricilər öyrətməyə çalışırdılar ki, sosial iş əlillərlə, qaçqınlarla, zəlzələyə məruz qalanlarla görüləcək işlərdir: "Amma mən bu sahədə çox ciddi təbliğat işi apardım. Təhsil müəssisələri, mətbuatda əsaslandırdım ki, sosial iş həssas təbəqə ilə olan iş deyil, sosial iş qayğıya möhtac olan insanların hər birinə uyğun görülən işdir. Milyarderin də sosial işə ehtiyacı ola bilər. Sağlamlığı, övladının tərbiyəsi ilə bağlı köməyə ehtiyacı ola bilər. Çünki çox vaxt zəngin insanlar mənə övladının tərbiyəsi ilə bağlı şikayət edirlər. Eyni zamanda xalqımızla, tərəqqimizlə bağlı sosial işlərə ehtiyac var. Narkomaniya kimi məsələlərin ortadan götürülməsi ilə bağlı işlər sosial işlərdir. Ən çox ehtiyacımız olan mütəxəssislər də sosial iş mütəxəssisləridir. Universitet və kolleclərdə sosial işçi hazırlanır. Amma sosial işçinin ixtisası bitirəndən sonra harada işləyəcəyi aydın deyil. Biz sosial işçiləri daha keyfiyyətli hazırlamalıyıq. Bəzi universitetlərdə onlara yuxarıdan aşağı baxırlar. Sosial işçi istənilən sferada, istənilən problemin həllini bacara bilən mütəxəssisdir. Amerikanın konqresmenlərinin arasında çoxlu sosial işçi var. Onlar idarəetməni bilən adamlardır. Ola bilsin ki, dünya şöhrətli beyin cərrahı olsun, amma həmin insan səhiyyə sahəsində yaxşı idarəedici nazir, nazirlikdə şöbə müdiri ola bilməz. İqtisadiyyatımız xaricdən gələn iqtisadçıların köməyi ilə inkişaf edə bilər, tikinti inkişaf edə bilər. Amma bizim sosial problemlərimizi xarici ölkədən gələnlər həll edə bilməzlər. Bunu ölkədəki milli kadrlarımız edə bilərlər".

O, bildirib ki, bizi sosial sahədə müəyyən texnologiyalar ilə təhdid edirlər: "Elə model təklif edirlər ki, onun tətbiqi ölkədə xeyli müddət sonra problemlər yaradır. Buna uyğun olaraq qadınlara qarşı zorakılıqla bağlı layihələri, genderlə bağlı bəzi şeyləri göstərmək olar. Gərək bizim çox savadlı sosial işçilərimiz olsun ki, ölkədə beynəlxalq təşkilatların hansı modelləri dostcasına, hansını maraqlarımıza uyğun olmadan həyata keçirirlər. Təhlükəsizlik sahəsində də xeyli sosial işçiyə ehtiyacımız var. Əgər hər mərhələdə 3-4 sosial işçidən ibarət sosial xidmət olsa, ailələrdə baş verən gərginlik, sosial sahədəki ehtiyacları öyrənilər, gərginliklər olmaz. Azərbaycanda insanların polisə, sahə müvəkkilinə zəng etməsi qəbul olunmamış haldır, lakin sosial işçilər onlarla söhbət edəcək, lazımi orqanlara özləri xəbər edəcəklər. Ərizə, məktub yazmaqda bəzilərinə kömək edəcəklər. Bütün təhsil müəssisələrində sosial iş xidməti olmalıdır. İndi cəmiyyət mürəkkəbdir, ona görə sosial iş xidmətinə ehtiyac var".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə