“Müəyyən sosial vəziyyətlərdə insanların əsəbi olması normaldır. Yeni mühitdə insanlarla ünsiyyət qurmaq və ya ictimai təqdimat etmək kimi hallar hamımızda narahatlıq yarada biləcək vəziyyətlərdir. Ancaq bu narahatlığın nə qədər tez-tez və nə dərəcədə şiddətlə hiss olunması nəzərə alınması lazım olan bir məsələdir. Digər insanlarla qarşılıqlı əlaqənin zəruri olduğu sosial vəziyyətlərdə baş verən sıx narahatlıq vəziyyəti sosial fobiya olaraq təyin olunur. Sosial anksiyete pozuntusu da adlandırılan bu vəziyyət başqa insanlar tərəfindən mühakimə olunmaq qorxusundan qaynaqlanır. Sosial fobiya adətən uşaqlıq və ya yeniyetməlik dövründə başlayır. Ancaq bu, sosial fobiyanın alt tiplərinə görə dəyişə bilər. İnsanın xasiyyəti, genetik meyilləri, uşaqlıqda zorakılığa və ya həddindən artıq tənqidlərə məruz qalması, xəstə olması və ya fiziki xüsusiyyətlərində fərq olması sosial fobiyanın mənbəyi ola bilər. Bundan əlavə, həddindən artıq qoruyucu və ya başqalarının fikirlərinə çox əhəmiyyət verdiyini göstərən valideynlərin uşaqlarında sosial fobiya müşahidə edilə bilər. Bu barədə SİA-ya Ahəng PRİM rəhbəri, ailə uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova açıqlama verib.
Onun sözlərinə görə, sosial fobiya insanların sosiumda narahat olması, qorxmasıdır və spesifik qorxulara aiddir: “İnsanlar sosial fobiyaları olduqda ünsiyyətdən qaçırlar, kütlə qarşısında narahat olurlar. Simpton olaraq sıxılma, boğulma, olduğu yerdən qaçmaq istəmək, utanma, gizlənməyə çalışmaq sosial fobiyanın əlamətləridir”.
Psixoloq bildirib ki, sosial fobiyadan azad olmaq üçün çalışmaq lazımdır ki, bu qorxunun üzərinə gedəsən və əgər ciddi travmalı hal deyilsə, psixiatr müdaxiləsi yoxdursa, insan özü bundan qurtulmağı bacara bilir: “Biz psixoloqlar məsləhət görürük ki, psixoloji dəstək alınsın və məsələnin kökü araşdırılsın. Ola bilər ki, genetik faktorun, mühitin, tərbiyənin təsiri var və yaxud çox assosial insanların birdən-birə sosiumda olması da onlara fobiya yaşada bilir. Azad olmaq üçün sosiumda çox vaxt keçirmək sosiallığını artırmaq və kütlə qarşısında asta-asta çıxış etmək, özünü tanıtdırma, müxtəlif təlimlərdə iştirak etmək, müxtəlif yığıncaqlara getmək sosial fobiyanı aradan qaldıracaqdır".
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB