"Bir çox yanğın hadisələri insanların məlumatsızlığı ucbatından baş verir" - EKSPERT XƏBƏRDARLIQ ETDİ
“Ölkəmizdə yanğın və qaz təhlükəsizliyi ilə bağlı qaydalar mövcuddur. Bu qaydaların tələblərinə riayət etmək hər bir vətəndaş üçün məcburidir. Düşünürəm ki, yanğın və qaz təhlükəsizliyi ilə bağlı maarifləndirici və təbliğat xarakterli işlərin aparılması daha gennişmiqyaslı olmalıdır. Məsələn bağçalarda, təhsil müəssisələrində, televiziya kanallarında, saytlarda, müxtəlif reklam lövhələrində yanğın və qaz təhlükəsizliyi haqqında qaydalardan müxtəlif bəndlər yerləşdirilməlidir. İnsanlar bu barədə daha çox məlumatlı olmalı, maariflənməlidirlər”. Bu barədə SİA-ya açıqlamasında yanğın təhlükəsizliyi üzrə ekspert Orxan Musayev deyib.
Onun sözlərinə görə, faktiki olaraq bu qaydalar mövcud olsa da demək olar vətəndaşlarımızın bir çoxu bub qaydaların tələblərindən məlumatsızdır: “Bir çox bədbəxt hadisələr, partlayış hadisələri, yanğın hadisələri də insanların məlumatsızlığı ucbatından baş verir ki, bu da çox ağır nəticələrə gətirib çıxarır. Sahibkarlar tərəfindən bu qaydaların tələblərinə çox ciddi yanaşılmalıdır. Baxmayaraq ki, ildə bir dəfə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır, bir çox sahibkarlar tərəfindən bu qaydalara dırnaqarası yanaşılır. Ona görə də tez-tez bu cür bədbəxt hadisələrin şahidi oluruq. Yoxlama mexanizminin özünün də müasirləşməyə ehtiyacı var. Düşünürəm ki, beynəlxalq təcrübəyə əsaslanaraq daha müasir yoxlama mexanizmi tətbiq olunmalıdır. Hətta cərimə tədbirlərinin daha da sərtləşdirilməsi mütləq lazımdır. Çünki hansısa müəssisədə yanğın hadisəsi yaxud qaz təhlükəsizliyi ilə bağlı hadisə baş verirsə burada təkcə əmlaka deyil, insan sağlamlığına da ziyan dəyə bilər”.
Ekspert bildirib ki, qış aylarında bir çox mənzillərdə kustar üsulla hazırlanmış və istifadə olunan isidici cihazların işlədilməsi, yaxud kustar üsulla çəkilmiş qaz xəttlərindən istifadə yanğın və partlayış hadisələrinə gətirib çıxarır: “Qaz sızması olarsa həmin qazı müəyyənləşdirmək qeyri-mümkündür. Ona görə də bir çox təlimatlarda da qeyd olunur ki, mənzilə daxil olarkən ilkin mərhələdə elektrik naqillərini işə salmaq lazım deyil. Ev havalandırılmalı, pəncərə açılmalı və bir müddətdən sonra elektrik cihazları qoşulmalıdır. Əgər evdə qaz sızması varsa və elektrik naqillərini işə salırıqsa dərhal partlayış baş verir. Qaz iyisiz, rəngsiz olduğu üçün onu vizual gözlə müəyyənləşdirmək mümkün deyil. Bununla da bağlı dəfələrlə qeyd etmişik ki, ölkəmizdə qaz dedektorlarının quraşdırılması ilə bağlı qaydalar təsdiq və tətbiq olunmalıdır. Hər bir müəssisədə qaz dedektorları quraşdırılmalı və bu quraşdırılma xüsusi lisenziyalaşmış şirkət tərəfindən aparılmalıdır. Qaz sızması baş verərsə qaz dedektoru sızmanı aşkarlayır və mənzilə, obyektə qazın verilməsini dayandırır. Bu praktika beynəlxalq təcrübədə daha çox istifadə olunur. Ölkəmizdə də tətbiqi baş verən bədbəxt hadisələrin azalmasında çox ciddi təsir göstərəcək”.
O.Musayev qeyd edib ki, obyekt və müəssisələrdə yanğın dedektorları da quraşdırılmalıdır: “Qaz dedektorunda olduğu kimi yanğın baş verərsə dərhal məlumat ötürsün və yanğının söndürülməsi istiqamətində addımlar atılsın. Əsasən bir çox restoran tipli yerlərdə, ictimai iaşə obyektlərində propan tipli qaz balonlarının istifadəsi çox ciddi təhlükə aşılayır. Qaydaların tələblərinə görə, binaların birinci mərtəbəsində yerləşən obyektlərdə propan tipli qaz balonlarının istifadəsi qəti qadağandır. Lakin bir çox restoranlarda bu tip qaz balonlarından istifadə olunur. Bu da canlı bombadır, hər an partlayış baş verə bilər. Necə ki, bir neçə il bundan əvvəl gecə klublarından birində çox ciddi partlayış hadisəsi baş vermişdi. Bu da təbii ki, qaz balonu səbəbindən baş vermişdi. Ümumilikdə götürdükdə qaydalara biganəlik var və bu bədbət hadisələrə gətirib çıxaran ən böyük amildir. Müəssisələrdə ilkin yanğınsöndürmə vasitələri yerləşdirilməlidir, müxtəlif kustar üsulla hazırlanmış cihaz mənzillərdə və ictimai iaşə obyektlərində qətiiyyən istifadə olunmamalıdır. Bir çox sahibkarlar yanğın təhlükəsizliyi ilə bağlı hansısa vəsaitin ayrılmasına artıq xərc kimi yanaşırlar. Lakin nəzərə çatdırım ki, statistikalara görə, bədbəxt hadisə baş verdikdən sonra yaranan maliyyə itkisi öncədən yanğın təhlükəsizliyinin təşkil olunmasında ayrılan vəsaitdən 10-15 dəfə çox olur. Ona görə də sahibkarlar və vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına ciddi yanaşmalı və bu tədbirlərin təşkil olunması, nəzarətdə saxlanaraq saz vəziyyətdə saxlanmasınıə təmin etməlidirlər ki, həm insan sağlamlığına, həm də əmlaka ciddi ziyan dəyməsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB