"Qısamüddətli gedişlər təhsil almaq üçündür" - MÜNASİBƏT BİLDİRİLDİ
"Gənclər təhsil almaq üçün qərb, uzaq şərq ölkələrinə maraq göstərirlər". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.
Onun sözlərinə görə, qısamüddətli gedişlər təhsil almaq üçündür: "Bunun da tutarlı səbəbləri var. Başqa ölkələrə getməyin başqa bir yolu da miqrasiyadır. Mövzu olduqca aktualdır. Dünya ölkələrini iki qrup üzrə fərqləndirə bilərik: 1.Əhalisi miqrasiya etməyə meyilli ölkələr; 2. Miqrasiya üçün cəlbedici ölkələr;
Miqrasiya üçün cazibədar ölkələr inkişaf etmiş qərb və Çin, Yaponiya, Cənubi Koreya kimi uzaq şərq ölkələridir. Əsas üstünlük inkişaf etmiş qərb dövlətləridir. Amerika, Kanada, Almaniya, Fransa kimi sosial rifahın yüksək olduğu ölkələr miqrasiya üçün cazibədardır. Azərbaycandan da insanlar müxtəlif səbəblərdən inkişaf etmiş ölkələrə daimi miqrasiya ediblər. Miqrasiya bir proses olaraq durmadan davam edib, amma göstəricilər fantastik həddə olmayıb. Ölkə əhalisinin miqrasiyaya meyilliliyi müşahidə olunub. Gənclər miqrasiya etmək baxımından cəmiyyətin sosial strukturunda ən aktiv təbəqədir, çünki gənc miqrasiya edəcəyi ölkədə təhsil almağı, yaxşı iş imkanları əldə etməyi, yüksək əməkhaqqı ilə təmin olunmuş iş əldə etməyi hədəf götürə bilər.
Cəmiyyətlərin demokratik və qeyri-demokratik olması, quruluşlar burada müxtəlif amillər olaraq bu prosesə təsir edir. Mən düşünürəm ki, gənclərin əsas hədəfi konkret olaraq yaxşı təhsil almaq, yüksək əməkhaqqı ilə iş əldə etmək, sosial rifah baxımından daha təmin olunmuş cəmiyyətdə yaşamaqdır. Əsas məqsəd budur. Azərbaycandakı gənc plan qurur ki, təhsil alacam, gənclərin hamısı təhsilli olmur. Gənclər yaxşı iş əldə etmək üçün nə qədər şanslıdırlar? Azərbaycanda minimum əməkhaqqının səviyyəsi bir çox suallara cavab verir. Bir ayda 300-400 manata gərgin əmək sərf edirlər. Normal düşüncədir ki, gənc Amerikada işləmək imkanı əldə edib saatı 12-13 euro üçün işləyir. Bu, aylıq 2500 gəlir deməkdir. Ölkədən getmək imkanı olan gənclərimiz gedib, işdə kifayət qədər böyük nailiyyətlər əldə ediblər".
Sosioloq bildirib ki, bu gün Azərbaycanda yaş strukturunu araşdırsaq, gənclər elm sahəsində daha az iştirak edirlər: "Səbəb isə əmək haqqının olduqca aşağı olmasıdır. Bizim elmi potensialı olan gənclərimiz, hətta müdafiə etmiş elmi dərəcəsi olan gənclərimiz Azərbaycanı tərk edib getdilər. Onların səsi inkişaf etmiş ölkələrdən gəlir. Bəlkə də, şəxsi həyatları üçün doğru seçim etdilər. Hər bir istedadlı vətəndaş ölkə üçün sərvət deməkdir. Məşhurlardan birinin təbirincə desək, hər bir vətəndaşda hansısa potensial var. Yetər ki, dövlət o potensialın çiçəklənməsi üçün öz vətəndaşlarına şərait yaratsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB