"Güvənsizlik boşluqdur, təşviş və panika verir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Güvənsizlik boşluqdur, təşviş və panika verir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Güvən əvvəlcə insanın özü ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, güvəni qıracaq bir şey olursa, bu, qarşı tərəfin əməyidir: "İnsan münasibətə girdiyi şəxsə güvənsizlik problemi yaşayırsa, iki cütlüyün arasında problem olaraq yüksələcək. Hər zaman da qarşı tərəf günahlandırılır. "Mən sənə güvənmirəm" deyən insan anlamalıdır ki, bu, onun özü ilə bağlı problemdir. Əgər ortada güvəni qıracaq məsələ yoxdursa, belə olur. Güvənsizlik problemi yaşayan şəxs qarşı tərəfi manipulyasiya edir ki, onu inandırmaq üçün nəsə etsin. Burada bir az eqoizm, özgüvənsizlik var. Ümumiyyətlə, güvən probleminin başlıca səbəblərindən biri özgüvənsizlikdir. Yaxşı olar ki, qarşı tərəfi günahlandırmadan əvvəl şəxs özünün açıq qalan məsələlərini həll etsin. Çox vaxt insana güvənməyərək onu vecsiz hala gətiririk. Sonradan isə həmin şəxs güvən qazanmaq istəmir, əldə olunan güvəni qorumağa çalışmır. Bir münasibətə girirsinizsə, insana tam güvənin. Çünki bu, onun layiq olduğu münasibət deyil, sizin münasibətə olan baxışınızdır. Qarşınıza pis adam çıxıb sizi aldadarsa, onsuz da, siz onun qarşısını ala bilməzsiniz. Birinin fikrində aldatmaq varsa, siz ona güvənsəniz-güvənməsəniz də bu, baş verəcək. Güvənsizlik insanı çox yorur, təəssüf hissi, gərginlik yaradır. Tövsiyə edərdim ki, uşaqlarınıza da güvənlə yanaşın. Siz onlara güvənsəniz daha yaxşı emosional bağlılığa sahib ola bilərsiniz".

Psixoloq bildirib ki, güvən olmayan münasibətin davam etməsinin müxtəlif səbəbləri var. Maddi məsələyə görə, yaxud uşaqlara görə ailəni qoruya bilirlər. Kimsə boşansa, valideynləri tərəfindən təzyiq görməkdən qorxduğu üçün ayrılmır. Bərabər qalmaq bəzən problemlə əlaqəli olmur. Güvənməyən insan ən çox özünü incidir, qarşı tərəfi bezdirir. Güvənsizlik boşluqdur, təşviş və panika verir. Əgər mütəmadi insanlara güvənmirsinizsə, peşəkara müraciət edin. Qarşı tərəf sizə nəsə edibsə, ona görə güvənmirsinizsə, bu, başqa mövzudur. Söhbət qadından gedirsə, güvəni qaytarmaq çətindir. Qadın sevdiyi üçün, uşaqlara görə davam edə bilər, amma o sual həmişə beynində olacaq. Ona görə, hörmətli partnyorlar bir-birinizin güvənini qırmadan əvvəl çox düşünün. Güvəni geri qaytarmaq çox çətin olur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə