Heyvanlara sevgini necə aşılamaq olar? - MÜNASİBƏT BİLDİRİLDİ

Heyvanlara sevgini necə aşılamaq olar? - MÜNASİBƏT BİLDİRİLDİ

"İstənilən küçə heyvanına uşağın sevgisini aşılamaq o qədər də doğru deyil". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, uşaqlarda heyvanlara ümumi şəkildə sevgi aşılamaq lazımdır: "Heyvanlar barəsində uşaqlara çox danışmaq, heyvanlar aləmi, onların da çox şeyləri hiss etdiyi, həyəcan keçirdiyi, insanlara sadiq olmaları barədə bədii əsərlər oxumaq olar. Elə etmək lazımdır ki, heyvanlara böyük məhəbbət hissi olsun. Bəzən görürəm ki, 16-17 yaşında qız uşağı əyilib küçədəki pişiyi tumarlamağa başlayır. Bu, təhlükəli haldır. Çünki o pişik xəstə də ola bilər. Biz heyvanlara məhəbbət hissini ümumi artırmalıyıq, amma küçədəki heyvanlarla davranış qaydasını da öyrətməliyik. Uşaqlara heyvanlara yaxınlıq etmək təriflənir, lakin it quduz da ola bilər. Mən uşaq olanda filmdə izlədim ki, uşaqlar iti tumarlayır. Öz həyətimizdəki itə eynisini edəndə qolumu dişlədi".

"Filmlər, nağıllar, hekayələrlə valideynlər uşaqlara heyvanları sevdirsinlər. Yaxşı, pis, təhlükəli tərəflərini, onlara sevgi hissi aşılamaqla davranış qaydalarını da öyrətmək lazımdır. Uşaqlara yalnız sevgi öyrətmək doğru addım deyil. Heyvanlara qayğı göstərməklə yanaşı təhlükəsizlik tədbirlərinə də riayət edilməlidir. Elə etməliyik ki, uşaqlar heyvanlara ikrah hissi ilə yaxınlaşmasın, qayğı ilə, amma ehtiyatla yanaşsın"- deyə sosioloq bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə