"ABŞ-nin bu yolla Azərbaycana təzyiq etmək cəhdləri başadüşülən deyil" - DEPUTAT DANIŞDI

"ABŞ-nin bu yolla Azərbaycana təzyiq etmək cəhdləri başadüşülən deyil" - DEPUTAT DANIŞDI

“Müstəqil Azərbaycan dövləti müasir dünyada tolerantlıq və multikultural dəyərlərin məbədlərindən biridir. Son 20 ildə bu istiqamətdə ölkəmiz tərəfindən böyük işlər görülüb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə multikulturalizm dəyərlərinin Azərbaycanda və dünyada öz yerini tutması və aparıcı xəttə çevrilməsi istiqamətində mühüm işlər görülüb və nəticələr əldə edilib. Dəfələrlə Azərbaycanda bu məsələlərə həsr olunmuş beynəlxalq konfranslar keçirilib, toplantılar olub və əməli işlər görülüb. Günümüzdə Azərbaycana ciddi düşmənçilik edən Fransa dövlətində, həmçinin Vatikan, Serbiya, Ruminiya və başqa ölkələrdə kilsələrin təmirində Azərbaycan və Heydər Əliyev Fondu öz tarixi işlərini görüb. Bu həm də o dövlətlərə bir mesajdır ki, onlar da müsəlman ölkələrinə, digər dinə mənsub millətlərə qarşı bu cür tolerant və mənəvi yaxınlıq göstərməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, bir çox dünya ölkələrindən məsələ ilə bağlı adekvat reaksiyalar görməmişik: “Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, dini mənsubiyyətindən asılı olmayaraq hər kəs özünü bərabərhüquqlu Azərbaycan vətəndaşı kimi hiss edir. Azərbaycanda bu gün İslam dini aparıcı dindir, amma bununla bərabər katoliklər, provaslavlar, yəhudi dininə məxsus şəxslər və digərlərinin hər birinin öz icmaları var və öz mənəvi təminatlarını, dini ayinlərini həyata keçirirlər.

Dövlət başçısı bütün bayramlarda müxtəlif din nümayəndələrini təbrik edir, onlarla görüşlər keçirir. Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərin məbədləri də məscidlər qədər ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycanda heç kəs milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmır. Ölkəmizdə bütün icmalar sərbəst şəkildə fəaliyyətlərini davam etdirirlər və seçkilər zamanı da fəal şəkildə icra olunurlar. Milli Məclisdə müxtəlif xalqların nümayəndələri təmsil olunur. Bütün bunlar Azərbaycan dövlətinin apardığı tolerant, multikultural və humanist siyasətin bariz nümunəsidir.

Təəssüflər olsun ki, son günlərdə Azərbaycana qarşı müxtəlif böhtan və həqiqətə uyğun olmayan informasiyalar içərisində dini və milli ayrı-seçkilik məsələləri də önə çəkilir. Yaxın zamanlarda Amerikadan belə bir siqnalın gəlməsi isə böyük təəssüf doğurdu. Əslində isə bu Azərbaycandakı dini icmaların etirazına səbəb oldu. ABŞ-ın səsləndirdiyi qərəzli fikirlər nağıldan başqa bir şey deyil. ABŞ-nin bu yolla Azərbaycana təzyiq etmək cəhdləri başadüşülən deyil.

Bütün bunlara baxmayaraq, Azərbaycanda çox ciddi vətəndaş birliyi var. Bu səbəbdən də ABŞ və digər dövlətlərin əsassız yanaşmaları ötüb, keçəcək məsələlərdir. İstənilən halda isə ölkəmizdəki müxtəlif icmalar məsələyə öz etirazlarını bildirməli, səfirliklərə müraciət edərək düzgün məlumatları bəyan etməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə