"Son dövrdə soyad sonluqlarının dəyişdirilməsinə xüsusi maraq var" - BİLDİRİLDİ
“Hazırda milli ad və soyadlardan istifadə edilməsi əvvəlki dövrlərə nisbətən geniş hal alıb. Hətta ASAN Xidmətdə də bu barədə təkliflər edilir. Amma əvvəlki nəsil sovet tərkibində olub. Hamımız bilirik ki, digər sahələrdə olduğu kimi bu dövrdə soyadlarımızda da rus mənşəli sonluqlara təsadüf edilirdi. Amma -ov -yev mənşəyi də Azərbaycan mənşəyi hesab olunur. Bu artıq tədqiqatlarda da sübut olunub. Qaldı ki, fars mənşəli sonluqlara bu fars dilinin, rus dilinin təsiri ilə dilimizə daxil olub. Bunu dilimizin lüğət tərkibinə baxanda bunu müşahidə edirdik”. Bu barədə SİA-ya açıqlamasında Dövlət Dil Komissiyası Yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.
Onun sözlərinə görə, Biz düşünməliyik ki, övladlarımız adları və soyadları ilə bağlı heç bir mənfi hal yaşamasınlar, utanmasınlar: “Ad insanın şəxsiyyət kimi formalaşmasında rol oynayan məsələlərdən biridir. Bir neçə müddətdən sonra insan öz adını eşidəndə sevinə də bilər, narahat da ola bilər. Ona görə də ad və soyad məsələsində son dərəcə diqqətli olmalıyıq. Soyadları da adları olduğu kimi valideynlər seçir. Valideynlər bu zaman düşünməlidirlər ki, övladımızı gələcəyə hazırlamış kimi addım atırıq. Bu çox həssas məsələ kimi qarşılanmalıdır”.
S.Əliyeva qeyd edib ki, son dövrdə soyad sonluqlarının dəyişdirilməsinə xüsusi maraq var: “Soyad sonluğu məsələsi olduqca vacib məsələdir. Cəfər Cabbarlıdan üzü bəri bu mövzuda ədəbiyyatımızda çağırışlar mövcuddur. Ziyalılarımızın nitqində, əsərlərində, poeziyamızda nə qədər Azərbaycan mənşəli gözəl adlar var ki, bunlar özü bir çağırışdır, təbliğatdır. Bu təbliğat daha da gücləndirilməlidir, hərşey təbliğatdan asılıdır”.
Müsahibimiz sonda qeyd edib ki, Azərbaycan ailələrində uşaqlar gec dünyaya gələndə daha çox dini adlara üstünlük verirlər: “Bu hətta bir inanc səciyyəsi daşıyır ki, bu onların daha uzun yaşamasına kömək edir. Amma mən düşünürəm ki, hər şeyə semantik məzmun cəhətdən yanaşanda da çox gözəl adlarımız var. O adlarda bizim qəhrəmanlarımız var ki, bu adlar özü bir çağırışdır. Bu valideynlərə də bir çağırışdır ki, övladlarınıza elə adlar seçməlisiniz ki, həm o qəhrəmanların adları olsun, həm də o qədər dolğun olsun ki, gələcəkdə övlad adının mənasını dərk edəndə qürur duysun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB